ŞURANIN TƏRKİBİ

Cəfərov Kamal Xaqani oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Cəfərov Kamal Xaqani oğlu 15 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində Beynəlxalq vergi hüququ üzrə magistratura pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının “Antikorrupsiya elmləri üzrə” magistr proqramını fərqlənmə diplomu ilə bitirmişdir.
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində “Amerika hüquq sisteminə giriş” mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirmişdir. 2013–2014-cü illərdə hərbi xidmət keçmişdir.
K.X.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını uğurla keçərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür.
2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) beynəlxalq əlaqələr şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləyib, 2014–2016-cı illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi və Komissiya yanında Qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupun katibi, 2016–2020-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi vəzifəsində çalışmışdır.
2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Kamal Cəfərov 2020–2025-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən deputat seçilib. K.X.Cəfərov Milli Məclisdə iki komitənin (Hüquq siyasəti və dövlət quruculuğu komitəsi; Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi) üzvüdür.
Kamal Cəfərov cəza siyasətinin humanistləşdirilməsi və cəzaların dekriminallaşdırlması ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təqdim edilən qanun layihələrini plenar iclasda məruzəçi kimi təqdim etmişdir. Milli Məclisin İntizam Komissiyasının fəaliyyətini gücləndirmək üçün yaradılan İşçi Qrupun rəhbəridir.
K.X.Cəfərov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti rəhbərinin müavinidir. 2015–2020-ci illərdə Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində “Yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizə” layihəsinin Milli koordinatoru olmuş, 2017–2020-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) Azərbaycanın nümayəndə heyətinə rəhbərlik etmişdir. Kamal Cəfərov, həmçinin Azərbaycan- Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. Bundan əlavə, o, Azərbaycan-Fransa, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İtaliya, Azərbaycan-ABŞ, Azərbaycan-Macarıstan, Azərbaycan-Yaponiya, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupların da üzvüdür.
2016–2020-ci illərdə “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşkilatının Azərbaycan üzrə Milli koordinatoru, 2015–2020-ci illərdə BMT-nin “Korrupsiya əleyhinə Konvensiyası”nın icrası üzrə Milli əlaqələndiricisi olmuş, BMT-nin “Korrupsiya Əleyhinə Konvensiyası”nın ölkəmiz tərəfindən 2-ci monitorinq mərhələsi üzrə implementasiyası və onun dəyərləndirilməsi prosesinə rəhbərlik etmişdir.
K.X.Cəfərovun İngiltərənin “The Guardian”, “The Telegraph”, İsrailin “Yerusalem Post”, İspaniyanın “La Vanguardia”, Türkiyənin “Hurriyet Daily News” nəşrlərində və bir sıra yerli xəbər saytlarında məqalələri dərc edilib.
Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi, 2011–2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olmuşdur.
Kamal Cəfərov - Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Baş prokurorun yanında Elmi-Məsləhət Şurasının Antikorrupsiya Təlim Mərkəzinin rəhbəridir.
Ailəlidir, bir övladı var.