ŞURANIN HÜQUQİ ƏSASI VƏ ƏSASNAMƏSİ

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının fəaliyyətinin hüquqi əsası və əsasnaməsi

(Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nda nəzərdə tutulmuş qaydada və hallarda)

37. Elmi-Məsləhət Şurası
37.1.  “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 2 və 3-cü hissələrinə əsasən Baş prokurorun yanında tərkibi onun tərəfindən təsdiq olunmaqla fəaliyyət göstərir.
37.2.  Əsasnaməsi Baş prokuror tərəfindən təsdiq edilir. (Qaydalara əlavə olunur)

261.   Elmi-Məsləhət Şurasının katibliyi
261.1.         Mərkəz Elmi-Məsləhət Şurasının katibliyi funksiyasını bu Qaydaların Ümumi hissəsində müəyyən edilmiş qaydada həyata keçirir.
261.2.         Şuranın katibliyi funksiyasının həyata keçirilməsi Mərkəzin konkret işçisinə həvalə edilir.
261.3.         Elmi-Məsləhət Şurasının fəaliyyəti ilə bağlı sənədlər kargüzarlığın aparılması qaydalarına uyğun olaraq Mərkəzin müvafiq qeydiyyat kitabında qeydə alınır və bu sənədlər ayrıca qovluqlarda saxlanılır.

Elmi-Məsləhət Şurasının Əsasnaməsi

1.1. Elmi-məsləhət şurası (bundan sonra - şura) Baş prokurorun yanında məşvərətçi orqan olmaqla prokurorluğun fəaliyyət istiqamətləri, o cümlədən ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasının, qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin, hüquq yaradıcı və hüquq tətbiqedici fəaliyyətin elmi-nəzəri əsaslarını müəyyən etməklə, Azərbaycan Respublikasının Konstitusiyası və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki köməklik göstərir.
1.2. Şuranın Katibliyi funksiyasını Elm-Tədris Mərkəzi həyata keçirir. Şuranın nəzdində əsasnaməsi Baş prokuror tərəfindən təsdiq edilən təlim mərkəzləri yaradıla bilər. 
1.3. Şuranın qərarları tövsiyə xarakteri daşıyır və iclaslarda iştirak edən şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. şuranın qərarlarından Baş prokurorun göstərişi ilə təcrübədə istifadə edilə bilər. Zəruri hallarda şuranın qərarları prokuror nəzarəti təcrübəsinin təkmilləşdirilməsi üçün Baş Prokurorluğun struktur qurumlarına və tabe prokurorluqlara göndərilir.
1.4. Şuranın iclasları protokollaşdırılır.
1.5. Şuraya Baş prokuror sədrlik edir. Baş prokuror şuranın tərkibini, yəni sədrin müavinini, məsul katibini və üzvlərini təsdiq edir.
1.6. Baş prokuror şuranın üzvlərini hüquqşünas alimlərin, nüfuzlu hüquqşünasların, prokurorluğun və digər hüquq mühafizə orqanlarının yüksək ixtisaslı və təcrübəli işçilərinin sırasından seçir.
1.7. Nüfuzlu hüquqşünas qismində aşağıda göstərilən meyarların ən azı ikisinə cavab verən şəxslərin namizədliyi irəli sürülür:
1.7.1. azı on beş il prokurorluq, məhkəmə və ədliyyə orqanlarında işləmiş və ya hüquqşünas fəaliyyəti ilə məşğul olmuş;
1.7.2. dövlət təltifləri almış;
1.7.3. peşəkar fəaliyyəti dövründə həvəsləndirilmiş;
1.7.4. elmi dərəcəsi olan;
1.7.5. nüfuzlu beynəlxalq nəşrlərdə məqalə və kitabların müəllifi olan;
1.7.6. azı beş il pedaqoji və ya elmi təcrübəsi olan şəxs.
1.8. Şuranın iclaslarında konkret məsələlərə baxılması ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi, idarə və şöbələrinin rəisləri, Naxçıvan Muxtar Respublikası, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikasının Hərbi, Bakı şəhər prokurorları və şuranın üzvləri təkliflər verə bilərlər, şuranın iclaslarında müzakirəyə çıxarılan məsələlər barədə son qərarı şuranın sədri qəbul edir.
1.9. Şuranın növbəti iclasının gündəliyi həmin iclasın keçirilməsinə ən azı 10 gün qalmış Şuranın Katibliyinin təklifləri əsasında Şuranın sədri – Baş prokuror tərəfindən təsdiq edilir.
1.10. Şuranın iclaslarına həmçinin digər alimlər, hüquqşünaslar, mütəxəssislər, ekspertlər və başqa şəxslər cəlb edilə bilərlər.
1.11. Şura prokuror nəzarəti, hüquqyaradıcı fəaliyyət, hüquq tətbiqi təcrübəni və prokurorluğun fəaliyyət istiqamətləri üzrə məsələləri müzakirə edərək elmi cəhətdən əsaslandırılmış tövsiyələr verir.
1.12. Şura cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə, hüquq mühafizə orqanlarının əlaqəli fəaliyyətinin, ibtidai istintaq və məhkəmədə dövlət ittihamının müdafiəsi işinin təkmilləşdirilməsinə dair təkliflərə baxır.
1.13. Zərurət olduqda şura Baş Prokurorluğa daxil olmuş qanun layihələri üzrə rəy verir.
1.14. Qanunun tətbiqi ilə bağlı məsələlər üzrə şura elmi tövsiyələr hazırlayır.
1.15. Şura qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların şərhi və onların Konstitusiyaya uyğunluğu barədə Konstitusiya Məhkəməsinə sorğular göndərilməsi ilə bağlı tövsiyələr verilməsi məsələsinə baxa bilər.
1.16. Şura hər ilin sonunda prokurorluq işçiləri tərəfindən aparılmış tədqiqatların nəticəsində yazılmış ən yaxşı məqaləni seçir və həvəsləndirmə tədbirinə təqdim edilməsini tövsiyə edir.
1.17. Şura prokurorluq işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə ödənişli və ödənişsiz təlimlərdə iştirakı ilə bağlı xərclərinin ödənilməsi barədə müraciətlərə baxır və rəy verir.
1.18. Şuranın fəaliyyətinə rəhbərliyi şuranın sədri həyata keçirir. Sədr şuranın işinin təşkilini, iş planlarının və onun tövsiyələrinin icrasına nəzarəti, iclasların çağırılmasını və həmin iclaslarda sədrliyi, rəy və tövsiyələr barədə Baş prokurora və kollegiyaya məlumat verilməsini, tövsiyələr üzrə Baş prokuror və kollegiya tərəfindən qəbul edilmiş qərarlar barədə şuranın məlumatlandırılmasını müavininə tapşıra bilər.
1.19. Şuranın üzvü:
1.19.1. qanunçuluğun və cinayətkarlığa qarşı mübarizənin vəziyyətinə, prokuror nəzarətinin nəzəri və təcrübi cəhətlərinə, prokurorluq orqanlarının fəaliyyətinin yaxşılaşdırılmasına dair aktual məsələlərin şurada baxılmasını təklif edir;
1.19.2. Şuranın iclaslarında iştirak edir, sədrin, onun müavininin tapşırıqlarını yerinə yetirir, müvafiq məlumatlar alır, daxil olmuş materiallar üzrə rəy və təkliflər verir;
1.19.3. zəruri hallarda prokurorluq orqanları işçilərinin elmi-təcrübi konfranslarına, seminarlarına və müşavirələrinə, Baş Prokurorluğun kollegiya iclaslarına dəvət edilir;
1.19.4. müzakirə olunan məsələ üzrə xüsusi rəyini Baş prokurora yazılı və ya şifahi bildirir;
1.19.5. Şuranın məsul katibi iş planlarının layihəsini tərtib edir, iclaslara hazırlıq işləri görür, iclasa azı iki həftə qalmış şuranın üzvlərinə iclasın gündəliyini və müzakirəyə çıxarılan məsələlərə dair materialları göndərir;
1.20. Şuranın işi “Azərbaycan Prokurorluğu” jurnalında və digər kütləvi informasiya vasitələrində işıqlandırıla bilər.