PROKURORLUQ ORQANLARINDA PEŞƏ HAZIRLIĞI İŞİNİN TƏŞKİLİ TARİXİNƏ QISA EKSKURS

Prokurorluq orqanlarında hər zaman dərin hüquqi biliklərə və  yüksək mənəvi keyfiyyətlərə malik, tutduğu vəzifəyə sadiqliyi ilə seçilən işçilərə ehtiyac duyulub. Buna görə də, kadrların hazırlanması və seçilib yerləşdirilməsi məsələləri bütün tarixi mərhələlərdə prokurorluq orqanları rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur.
Hələ Sovet hakimiyyəti dövründə prokurorluq orqanlarında qulluğa qəbul edildikdən sonra hər bir prokurorluq işçisi davamlı və fasiləsiz bir prosesə – ixtisas səviyyəsinin artırılması prosesinə qədəm qoyurdu. İşçilərin peşə hazırlığının artırılması yalnız prokurorluqlarda deyil, həm də xüsusi yaradılmış təhsil, elm və elmi-tədqiqat müəssisələrində aparılırdı. Məhz bu məqsədlə 1947-ci ildə Moskva, Leninqrad, Sverdlovsk, Xarkov, Minsk, Daşkənd və Bakı  şəhərlərində SSRİ Ədliyyə Nazirliyinin tərkibində doqquz aylıq kurslar təşkil edilmişdir. Bu kurslarda xalq hakimləri ilə yanaşı rayon prokurorları, onların köməkçiləri və xalq müstəntiqləri öz ixtisaslarını artırırdılar.1949-cu ilin fevral ayında hökumətin Sərəncamı və SSRİ Baş prokurorunun əmri ilə Leninqrad şəhərində baş müstəntiqlərin və mühüm işlər üzrə müstəntiqlərin yenidən hazırlanması üzrə bir illik kurslar, həmin ilin sentyabr ayında isə İstintaq Məktəbi təsis edilmişdir.
1952-ci ilin dekabr ayında Leninqrad şəhərində daha bir müstəqil tədris müəssisəsi, rayon prokurorlarının və onların köməkçilərinin yenidən hazırlanması üzrə kurslar fəaliyyətə başlamışdır. Qeyd edilmiş bu təhsil müəssisələrinin yaradılması  prokurorluq orqanlarında peşə hazırlığı və ixtisasartırma sisteminin təməlini qoymuş oldu.
1955-ci ilin sentyabr ayında baş müstəntiqlərin və mühüm işlər üzrə müstəntiqlərin yenidən hazırlanması üzrə bir illik kurslar və İstintaq Məktəbi ləğv edilərək, onların əsasında altı aylıq müstəntiqlərin təkmilləşdirilməsi kursları təşkil olunmuş, 2 il sonra isə rayon prokurorları və onların köməkçilərinin yenidən hazırlanması kursları da bu kurslara birləşdirilmişdir. 1
Bu dövrdə, həmçinin, prokurorluq işçilərinin peşə hazırlığının və ixtisaslarının artırılması məsələlərini tənzimləyən bir sıra normativ xarakterli aktlar qəbul edilmişdir. Bunlardan SSRİ Baş prokuror müavininin “Prokurorların və müstəntiqlərin qiyabi təhsili üzrə işin təkmilləşdirilməsi haqqında” 07.05.1953-cü il tarixli 6/123 №-li göstərişini, gənc mütəxəssislərin stajkeçməsi məsələlərini tənzimləyən 25.03.1955-ci il tarixli 6/25 №-li göstərişini (həmin göstərişə əsasən gənc mütəxəssislərin stajkeçməsinin təşkili prokurorlara həvalə edilirdi), “Prokurorların və müstəntiqlərin peşə hazırlığının və ixtisaslarının təkmilləşdirilməsi işinə dair Təlimat”ın təsdiq edilməsi haqqında” 05.09.1956-cı il tarixli əmrini göstərmək olar.2

Prokurorluqda peşə hazırlığı və ixtisasartırma işinin daha da təkmilləşdirilməsi məqsədi ilə SSRİ Nazirlər Sovetinin 10.12.1965-ci il tarixli 1061 №-li qərarı ilə Leninqrad şəhərində prokurorluq və daxili işlər orqanlarının istintaq işçilərinin təkmilləşdirilməsi İnstitutu təsis edilmişdir. 01.10.1966-cı il tarixindən etibarən fəaliyyətə başlamış İnstitutda nəinki SSRİ-nin tərkibində olan respublikalardan, həm də Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Polşa, Kuba, Monqolustan, Vyetnam və digər ölkələrdən olan prokurorlar və müstəntiqlər təhsil almış və yenidən hazırlıq keçmişlər.3
1970-ci ildə Moskva şəhərində respublika, diyar və vilayət  prokurorluqlarının rəhbər işçilərinin yenidən hazırlanması üzrə Ali Kurslar təsis edilmiş, SSRİ Nazirlər Sovetinin 11.01.1977-ci il tarixli əmri ilə isə bu kursların bazasında prokurorluq orqanlarının rəhbər heyəti üçün ixtisasartırma sistemində əsas təhsil müəssisəsi və tədris-metodiki mərkəzi funksiyalarını həyata keçirən SSRİ Prokurorluğunun rəhbər kadrlarının ixtisasartırma İnstitutu təsis edilmişdir. Bu İnstitut SSRİ-nin süqutuna qədər öz fəaliyyətini davam etdirmişdir.4
Təbii ki, həmin dövrdə Azərbaycan Prokurorluğunda da işçilərin peşə hazırlığı və ixtisasartırma işi bu sistemə uyğun olaraq təşkil olunurdu. Belə ki, 1988-ci ilin oktyabr ayında prokurorluq işçilərinin təhsil alması və yenidən hazırlıq keçirilməsi üçün Azərbaycan Respublikası Prokurorluğu yanında Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin (Cinayət, Cinayət-prosessual və Kriminalistika kafedralarının) filialı təsis edilmiş və 31.07.1991-ci ilədək, yəni Azərbaycan Respublikası Prokurorluğunun Tədris Mərkəzi təsis edilənədək öz fəaliyyətini davam etdirmişdir.

BAŞ PROKURORLUĞUN ELM-TƏDRİS MƏRKƏZİ

İlk dəfə 31.07.1991-ci il tarixdə təsis edilmiş Azərbaycan Respublikası Prokurorluğunun Tədris Mərkəzi 01.12.1993-cü ildə Baş Prokurorluğun Kadrlar idarəsinin strukturuna daxil edilmişdir. 10.07.1998-ci il tarixdə isə Mərkəzin əvəzinə müstəqil qurum kimi Azərbaycan Respublikası Prokurorluğunun Elm və tədris idarəsi yaradılmışdır. Lakin 13.09.2000-ci ildə bu qurum ləğv edilərək, yenidən Baş Prokurorluğun Kadrlar idarəsinin tərkibində Tədris Mərkəzi kimi fəaliyyətini davam etdirmişdir.
Milli prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması, prokurorluq işçilərinin peşəkarlığının artırılması istiqamətində həyata keçirilmiş növbəti əhəmiyyətli addımlardan biri də ölkə başçısının 27.09.2008-ci il tarixli 3065 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009 – 2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi olmuşdur.

Dövlət Proqramında nəzərdə tutulmuş önəmli tədbirlərdən biri “Prokurorluq orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının gücləndirilməsi, hüquq elminin inkişafı və Avropa hüquq təcrübəsinin tətbiqi ilə əlaqədar prokurorluq işçilərinin nəzəri biliklərinin, peşə hazırlığının artırılması” məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Elm-Tədris Mərkəzinin yaradılması idi.5
Bu tədbirin icrasının təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Baş Prokurorluğu strukturunun və ştat sayının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.06.2001-ci il tarixli 745 nömrəli Sərəncamına edilmiş dəyişikliyə əsasən, 01.10.2009-cu il tarixdən etibarən Baş Prokurorluğun struktur qurumu kimi Elm-Tədris Mərkəzi (bundan sonra – Mərkəz) fəaliyyətə başladı.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 26.01.2010-cu il tarixli 706 nömrəli Sərəncamında Mərkəzin idarə səlahiyyətli olması təsbit olundu. Bundan sonra Mərkəzin strukturu və Əsasnaməsi təsdiq edildi. İlkin olaraq, Mərkəzin strukturunda “Prokurorluq orqanlarının fəaliyyətinin təşkili”, “Kriminalistika”, “Cinayət hüququ, cinayət prosesi və kriminologiya”, “İnsan hüquq və azadlıqlarının müdafiəsi problemləri” və “Mütəşəkkil cinayətkarlıqla mübarizənin problemləri” kafedraları,  İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri laboratoriyası, Kriminalistika kafedrasının nəzdində Kriminalistika laboratoriyası, Linqvistika kabineti və Kitabxana nəzərdə tutulmuşdur.
Zaman ötdükcə müstəqil dövlətimizdə aparılan ardıcıl və sistemli məhkəmə-hüquq islahatları prokurorluq orqanlarında beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanmaqla müəyyən dəyişikliklərin aparılmasını zəruri etmişdir.
Prokurorluq orqanlarının fəaliyyətində çevikliyin və səmərəliliyin artırılması, şəffaflığın təmin edilməsi, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10.06.2020-ci il tarixli 2088 nömrəli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilmiş, daha mobil və dinamik idarəetmə məqsədilə Baş Prokurorluğun idarə və şöbələrinin sayı 15-dən 18-ə çatdırılmışdır. Aparılmış islahatlar çərçivəsində Azərbaycan Respublikası Baş prokurorunun 29.06.2020-ci il tarixli 10/70-11/29-s №-li əmri ilə Mərkəzin ştat tərkibi 16 prokurorluq işçisi və 10 dövlət qulluqçusu olmaqla, cəmi 26 ştat vahidi müəyyən olunmuş, Mərkəzin yeni strukturu təsdiq edilmişdir.

RƏHBƏRLİK

Azərbaycan Respublikası Baş Prokurorunun baş köməkçisi – Tədris Mərkəzinin rəisi vəzifəsini 12.09.1991-ci ildən 01.10.1992-ci ilədək Həsənov Məmməd Allahverdi oğlu, 01.10.1992-ci ildən 01.01.1993-cü ilədək isə Cəfərquliyev Mirağa Əşrəf oğlu daşımışlar.
Kadrlar idarəsinin tərkibində yaradılmış Tədris Mərkəzinin rəisi vəzifəsində 01.12.1993-cü ildən 16.11.1994-cü ilədək Əliyev Kamran Bayram oğlu, 28.10.1995-ci ilədək isə Əhmədov Əlisoltan Əkbər oğlu çalışmışlar. 02.12.1995-ci ildən 19.11.1997-ci ilədək Tədris Mərkəzinin rəisi vəzifəsində işləmiş Abbasov İlham Qurban oğlu eyni zamanda Kadrlar idarəsinin rəis müavini olmuşdur.
Müstəqil qurum kimi yaradılmış Azərbaycan Respublikası Prokurorluğunun Elm və tədris idarənin rəisi vəzifəsini 10.07.1998-ci ildən 21.05.1999-cu ilədək Mustafayev Çingiz Feyruz oğlu, 24.12.1999-cu ildən 04.09.2000-ci ilədək isə Nəbiyev Mahmud Yusif oğlu icra etmişdir.
Bu qurum ləğv edildikdən sonra təsis edilmiş Baş Prokurorluğunun Kadrlar idarəsinin rəis müavini – Tədris Mərkəzinin rəhbəri vəzifəsində 03.09.2000-ci ildən 21.05.2001-ci ilədək Abbasov İlham Qurban oğlu, 29.06.2001-ci ildən 08.11.2002-ci ilədək İbişov Ağamməd Hüseyn oğlu, 08.11.2002-ci ildən 19.11.2009-cu ilədək Müslümov Zakir Təhməz oğlu çalışmışlar.
Yeni yaradılmış Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəis vəzifəsində 04.12.2009-cu ildən Bayramov Nazir Hümbət oğlu işləmiş, 29.06.2020-cı ildə isə bu vəzifəyə Əhmədov Mübariz Hüseyn oğlu təyin edilmişdir.