“Kibercinayətkarlıq üzrə Budapeşt Konvensiyasına uyğun olaraq cinayət prosessual qanunvericiliyində islahatlar” mövzusunda seminar

Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Cybereast” lahiyəsi çərçivəsində 23 aprel 2021-ci il tarixdə Proqram Ofisinin (C-PROC) təşkilatçılığı ilə “KUDO” internet platforması üzərində “Kibercinayətkarlıq üzrə Budapeşt Konvensiyasına uyğun olaraq cinayət prosessual qanunvericiliyində islahatlar” mövzusunda videokonfrans formatında seminar keçirilmişdir. Seminarda dinləyici qismində mərkəzi icra hakimiyyəti orqanlarının və Baş Prokurorluğun struktur qurumlarının əməkdaşları, eləcə də Elm-Tədris Mərkəzinin böyük prokuroru Nigar Qələndərli və Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova iştirak etmişlər.
Tədbirdə çıxış edən Nigar Əskərova iştirakçılara Elm-Tədris Mərkəzi tərəfindən bu sahədə görülmüş tədris tədbirləri barədə geniş məlumat vermiş və kibercinayətkarlıqla mübarizə sahəsində bir sıra təkliflər irəli sürmüşdür. O cümlədən, rəqəmsal maliyyə aktivləri və blokçeyn texnologiyaları üzrə qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi; kriptovalyta və blokçeyn texnologiyaları haqqında normativ hüquqi aktların hazırlanması; Cinayət və Cinayət Prosessual Məcəllələrinə kibercinayətlərlə bağlı istintaqın xüsusatlarına dair yeni müddəaların əlavə edilməsi və sair. Həmçinin tədbir çərçivəsində dinləyicilərin diqqətinə Elm-Tədris Mərkəzində hazırlanmış “Maddi sübutların götürülməsi və qablaşdırılması taktikasının və götürülmüş maddi sübutlarla bağlı ekspertiza növlərinin təyini məsələlərinə dair” müstəntiqin məlumat kitabçasında informasiya izlərinin götürülmə qaydalarının bir qisminin işiqlandırıldığı çatdırılmışdır.