Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti ilə təcrübə mübadiləsi aparılıb

Azərbaycan Respublikasına səfər çərçivəsində 2023-cü ilin dekabr ayının 14-ü Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyətinin inzibati binalar kompleksi ilə tanışlığı, eləcə də Baş Prokurorluğun əməkdaşları ilə təcrübə mübadiləsinin aparılması baş tutmuşdur.
Rusiya Federasiyasının Baş Prokurorluğunun nümayəndə heyətinin üzvləri sırasında Federal qanunların icrasına nəzarət, Beynəlxalq hüquqi əməkdaşlıq və Dövlət ittihamının müdafiəsi üzrə Baş İdarələrinin əməkdaşları olmuşlar.
Təcrübə mübadiləsində Azərbaycan tərəfini Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə, Təşkilat və icraya nəzarət, Cinayət təqibindən kənar icraatlar və Beynəlxalq hüquqi əməkdaşlıq idarələrinin, eləcə də Elm-Tədris Mərkəzinin əməkdaşları təmsil etmişlər.
Tədbiri Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov açıq elan etdikdən sonra, tərəflər arasında məişət zorakılığı ilə mübarizə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi və ekoloji cinayətlər üzrə dövlət ittihamının təmin edilməsi sahəsində prokurorluqların gördükləri işləri barədə təcrübə mübadiləsi aparılmışdır.
Təcrübə mübadiləsi zamanı Elm-Tədris Mərkəzinin şöbə rəisləri Ramin Camalov və Əmir Ocaqverdiyev, eləcə digər əməkdaşları qeyd olunan sahələr üzrə peşə hazırlığının artırılması istiqamətində görülmüş tədbirlər barədə qonaqlara ətraflı məlumat vermişlər.