Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin imkanları ilə tanış olub.

Azərbaycan Respublikasına işgüzar səfər çərçivəsində Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti 2023-cü ilin noyabr ayının 6-da Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati binalar kompleksi ilə tanış olmuşlar.
Hörmətli qonaqlar ilk öncə Heydər Əliyevin büstünü ziyarət edərək, tarixi şəxsiyyətə öz ehtiramlarını bildirmişlər və Ulu Öndərin xatirəsini yad etmişlər.
Tanışlıq məqsədilə nümayəndə heyətinə prokurorluğun kriminalistik fəaliyyəti üçün yaradılmış şərait, laboratoriya, həmin sahədə istifadə edilən müasir avadanlıqlar təqdim olunmuşdur.
Həmçinin, qonaqlar Baş Prokurorluğun inzibati binalar kompleksində yerləşən Zəfər muzeyinə ekskurs edərək İkinci Qarabağ Müharibəsində işğalçı erməni ordusu tərəfindən mülkü şəxslərə qarşı törətdikləri hərbi cinayətlərin maddi sübutları ilə əyani tanış olmuşlar və həmin hadisə anlarını monitorda seyr etmişlər.
Eyni zamanda Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təyinatı, imkanları və texniki təchizatı ilə Mərkəzin rəis müavini Talıb Cəfərovun və şöbə rəisi Əmir Ocaqverdiyevin müşahidəsi ilə tanış olmuşlar.
Qonaqlar Mərkəz tərəfindən idarə olunan və müasir avadanlıqla təchiz edilmiş Baş Prokurorluğun kitabxanalarında olarkən, onlara şöbənin böyük prokuroru Nigar Əskərova kitabxana fondu barədə ətraflı məlumat vermişdir.
Daha sonra Mərkəzin prokuroru Rəşad Qasımov tərəfindən keçirilmiş Azərbaycan Prokurorluğunun strukturunu və fəaliyyətini əks etdirən təqdimat böyük maraqla qarşılanaraq, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun vəzifəli şəxsləri arasında təcrübə mübadiləsi aparılmışdır.
Qonaqlar üçün tanışlıq tədbirinin səmərəli keçirilməsinə Mərkəzin dövlət qulluqçuları İlkanə Qasımova və Ziya Qasımlı də cəlb edilmişlər.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi qarşısında xatirə fotoşəkili çəkilərək, qonaqlar daha sonra Zəfər gününə həsr olunmuş mərasimdə iştirak etmişlər.