Qazaxıstan tərəfindən təşkil edilmiş beynəlxalq elmi-praktiki konfransda Mərkəzin əməkdaşları iştirak edib.

22.09.2023-cü il tarixdə Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq mühafizə orqanlarının Akademiyasının təşkilatçılığı ilə Qazaxıstan SSR Prokuroru U.S.Seitovun 100 illiyinə həsr edilmiş “Hüquq mühafizə fəaliyyətinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Azərbaycan Respublikası Baş prokurorunun tapşırığına həmin beynəlxalq tədbirə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov və şöbə rəisi Nigar Qələndərli online rejimdə qoşulub.
Konfransda Qazaxıstanın, Rusiyanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarının nümayəndələri, o cümlədən deputatlar, hakimlər, vəkillər və hüquq sahəsində alimlər iştirak edib.
Tədbir çərçivəsində hüquq mühafizə fəaliyyətini əhatə edən mövzular üzrə 11 məruzə eşidilib və tədbirin sonunda konfransın qətnaməsi qəbul olunub.
Qeyd edək ki, 23.09.2021-ci ildə Qazaxıstanın paytaxtı Astana şəhərində “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında” Memorandum imzalandıqdan sonra qarşılıqlı və məhsuldar əlaqələr formalaşmışdır.
Akademiyanın təşkilatçılığı ilə keçirilən seminar və konfranslarda dəfələrlə Mərkəzin əməkdaşları iştirak edərək məruzə ilə çıxış etmişlər, onların hazırladığı məqalələr konfrans materiallarında dərc olunmuşdur.
Bundan başqa, 2022-ci ildə Akademiya ilə birlikdə “Qazaxıstanda və MDB ölkələrində prokurorun hüquqi statusu” mövzusunda birgə elmi tədqiqatın aparılması məqsədilə Mərkəz tərəfindən Azərbaycanda prokurorun hüquqi statusu ilə bağlı elmi araşdırma aparılmış, nəticəsi rus dilində Akademiyaya təqdim edilmişdir.
Həmin il Akademiyanın müraciəti əsasında “Məişət zorakılığı ilə mübarizə sahəsində Azərbaycanın və Türkiyənin qanunvericiliyi” mövzusunda materiallar toplanaraq tərəfdaşa təqdim edilmişdir.
Cari ildə isə Akademiyanın müraciəti nəzərə alınaraq, “Azərbaycan Prokurorluğunda kriminoloji proqnozlaşdırma metodologiyasına yanaşma” mövzusunda tədqiqat aparılaraq, yekunu üzrə hazırlanan rus dilində sənəd birgə elmi tədqiqatda istifadə olunması üçün Akademiya göndərilmişdir.