Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşı Macarıstanın Budapeşt şəhərində mentorluq təlimi keçib.

Macarıstanın Budapeşt şəhərində Avropa Şurası və Avropa İttifaqının “Yaxşı idarəçilik üzrə proqramı”nın (PGG) “Altı Şərq Tərəfdaşları ölkəsində zorakılıq qurbanı olan qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsi” layihəsinin “Qadınların Ədliyyəyə Çıxışı üzrə Hüquqşünaslar üçün Mentorluq Proqramı” çərçivəsində 2023-cü ilin sentyabr ayının 5-dən 7-dək “Qadınların Ədliyyəyə Çıxışı” üzrə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrin prokurorları və hakimləri üçün mentorluq təlimi keçirilib.
Azərbaycan Respublikasının nümayəndə heyətində Baş Prokurorluqdan  Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini Günay Əyyubova ilə yanaşı, Elm-Tədris Mərkəzində keçirilən tədris tədbirləri zamanı məişət zorakılığı və onunla mübarizənin aktual problemləri, qadınların erkən nikaha məcbur etmə səbəbindən intihara meyilli davranışları sahəsində təlimçi, eləcə də qadın hüquqları və gender bərabərliyi sahəsində elmi araşdırma aparılmasında iştirak edən Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova təmsil olunub.
Təlim zamanı qadınların ədalət mühakiməsinə çıxışı, qadınların təcrübədə qarşılaşdıqları ədalət mühakiməsi qarşısındakı maneələri, bu maneələrin aradan qaldırılmasında hüquqşünasların rolu, gender qərəzliyi və gender stereotipləri, mentorluğun ümumi əsası, fərqli mentorluq üslubları, dilemmalar üzrə sorğunun aparılması (Noracle) və digər mövzular tədris edilib.
İştirakçılar Mentorluq Proqramının Təlimat Bələdçisi və digər tədris materialları ilə təmin olunublar.

Layihənin davamı olaraq, 2023 – 2024-cü illərdə seçilmiş mentorların milli səviyyədə mentor təlimlərinin təşkil edilməsi planlaşdırılır.