Özbəkistanın Baş Prokurorluğunun nümayəndə heyəti Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bakı şəhərində baş tutmuş Türk Dövlətləri Təşkilatının baş prokurorlarının birinci iclası çərçivəsində imzalanmış “2022 – 2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə Özbəkistan Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Özbəkistan Baş Prokurorluğunun əməkdaşları 2023-cü ilin iyun ayının 23-də Baş Prokurorluğun inzibati binalar kompleksində olarkən, Elm-Tədris Mərkəzinin təyinatı, imkanları və texniki təchizatı ilə tanış olublar, Mərkəzin fəaliyyətində tətbiq edilən informasiya sistemləri və Mərkəz tərəfindən hazırlanmış nəşrlər barədə onlara ətraflı məlumat verilib.
Həmçinin Azərbaycan Prokurorluğunun fəaliyyətini əks etdirən Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorun müdiri Oqtay Mirzəyevin dəstəyi ilə Stratejı planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərovanın keçirtdiyi təqdimat qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Eyni zamanda Özbəkistan Baş Prokurorluğunun əməkdaşları Mərkəzin şöbə rəisləri Ramin Camalovun, Əmir Ocaqverdiyevin və şöbə prokuroru Rauf Abdullayevin müşayiəti ilə Baş Prokurorluğun inzibati binalar kompleksində yerləşən Zəfər muzeyi, kitabxana, konfrans zalı, tədris auditoriyaları və kriminalistik laboratoriya ilə tanış olublar.
Özbəkistan Baş Prokurorluğunun nümayəndə heyətinin rəhbəri Şerzod Muxamatov qonaqpərvərliyə və təcrübə mübadiləsinə görə minnətdarlığını ifadə edib.
Sonda xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstü qarşısında xatirə fotoşəkili çəkilib.