Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum

 

 

23.09.2021-ci ildə Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının (Şura) 31-ci iclası keçirilmişdir. MDB prokurorluq orqanlarının və beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında memorandum” imzalanmışdır.
Bu Memorandumun məqsədi elmi tədqiqatların inkişafında və təhsilalanlar kontingentinin hazırlanmasında, yenidən hazırlanmasında və ixtisaslarının artırılmasında səylərin və resursların birləşdirilməsi, hüquqşünaslıq sahəsində innovativ potensialdan səmərəli istifadə olunmasıdır.
Memoranduma əsasən əməkdaşlığın formaları aşağıdakı yollarla həyata keçirilə bilər:

  • Müvafiq proqramlar üzrə tədrisin həyata keçirilməsi və ödənişsiz əsaslarla treninqlərin keçirilməsi.
  • Mühazirələrin, seminar və praktiki məşğələlərin keçirilməsi üçün mütəxəssislərin mübadiləsi. 
  • Tədris prosesinin təşkili və aparılması sahəsində təcrübə mübadiləsi. Müvafiq təlim kursları üzrə tədris planlarının və tədris proqramlarının birgə işlənib hazırlanması.
  • Tədris, tədris-metodiki və tədris-praktiki ədəbiyyatın daimi mübadiləsi.
  • Tərəflərin hazırladığı tədris, tədris-metodiki və tədris-praktiki vəsaitlərə resenziyaların verilməsi.
  • Qarşılıqlı faydalı və razılaşdırılmış şərtlərlə, hüquq elminin və praktikanın aktual problemləri üzrə fundamental və tətbiqi xarakterli birgə elmi tədqiqatların planlaşdırılması, təşkili və aparılması.
  • Metodiki vəsait və tövsiyələrin hazırlanması və nəşri məqsədi ilə birgə müəllif kollektivlərinin yaradılması.
  • Cinayətkarlığa qarşı mübarizə mövzularında birgə elmi tədqiqatların, elmi-praktiki konfransların, simpoziumların, dəyirmi masaların və forumların keçirilməsi.
  • Hüquq elminin və praktikasının aktual problemləri üzrə qarşılıqlı konsultasiyaların verilməsi.
  • Cinayətlərin qarşısının alınması və cinayətkarlığa qarşı mübarizə sahəsində təcrübəsinin öyrənilməsi məqsədilə  mütəxəssislərin mübadiləsi.
  • Tədris vəsaitlərinin, tədris-metodiki vəsaitlərin, elmi-praktiki nəşrlərin və məcmuələrin, digər elmi və tədris ədəbiyyatının hazırlanması və nəşri üzrə birgə fəaliyyətin həyata keçirilməsi.
  • Mütəmadi əsasda elmi ədəbiyyatla mübadiləsi və sair.

Səfər zamanı Baş prokuroru müşahidə edən Mərkəzin rəisi Mübariz Əhmədov MDB-nın baş prokurorlarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarının rəhbər şəxslərinin görüşlərində, eləcə də mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında faydalı müzakirələrində iştirak etmişdir.