Mərkəzin əməkdaşları Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Elmi yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə elmi nailiyyətlərin inteqrasiyasına söykənən əlaqələrin genişləndirilməsi yüksək intellektual zəkaya əsaslanan peşəkarlığın aşılanmasına münbit zəmin yaradır.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 17 aprel 2023-cü ildə keçirilmiş “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov və şöbə rəisi Nigar Qələndərli əyani iştirak etmişlər. Eyni zamanda konfransa internet üzərindən Mərkəzin şöbəsinin böyük prokuroru Nigar Əskərova və şöbə prokuroru Sarıtel Əliyeva qoşulmuşlar.
Konfrans açıq elan etdikdən sonra, Polis Akademiyasının rəisi Canpolad Daanov, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova, BDU-nun Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Hüquq təminat şöbəsinin müdiri Taliyə İbrahimova ilə yanaşı, giriş nitqi ilə çıxış edən Talıb Cəfərov Polis Akademiyasının formalaşmasında Ulu öndər Heydər Əliyevin xüsusi rolunu vurğulamış, konfransın mövzusuna toxunmuş və təmsil etdiyi qurumla Akademiya arasında olan işgüzar əlaqələr barədə konfrans iştirakçılarını məlumatlandırmışdır.
Mövzu ətrafında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Dövlət Gömrük Komitəsi Akademiyasının, Türkiyə Respublikası Təhlükəsizlik Elmləri İnstitutunun, Rusiya Federasiyası DİN-in Moskva Universitetinin və Voronej İnstitutunun, UNİCEF-in Azərbaycan Nümayəndəliyinin və Moldova Respublikası DİN-in Ştefan Çel Mare Akademiyasının nümayəndələrinin çıxışları dinlənilmişdir.
Çıxışlar və çıxışlar ətrafında müzakirələr zamanı yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemlərinin həllinə yönəlmiş təkliflər irəli sürülmüşdür.
Tədbir çərçivəsində konfrans iştirakçılarına toplu şəklində konfransın materialları və sertifikatlar təqdim edilmiş, sonda konfransın bəyannaməsi qəbul olunmuşdur.
Tədbirin yekununda Ulu öndər Heydər Əliyevin heykəli qarşısında xatirə fotoşəkili çəkilmişdir.