Mərkəzin əməkdaşları Qazaxıstanın Hüquq-mühafizə orqanları Akademiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər

2023-cü ilin aprel ayının 7-si Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanları Akademiyasının təşkilatçılığı ilə Qazaxıstan SSR Prokuroru O.S.Seitovun 100 illiyinə həsr edilən “Müasir hüquq elminin inkişafı: nəzəriyyə və təcrübə” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Müxtəlif dövlətlərin prokurorluq işçiləri və hüquqşünas alimlərinin iştirak ilə hibrid formatda keçirilən tədbirdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin əməkdaşları təmsil ediblər.
Konfransın plenar sessiyasında Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov açılış nitqi ilə çıxış edib, Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli, şöbənin prokuroru Rauf Abdullayev, eləcə də Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova tədbir iştirakçılarını maraqlandıran sualları cavablandıraraq müzakirələrdə iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında bağlanmış memorandumun icrasına dair həyata keçirilən səmərəli əməkdaşlıq xüsusi vurğulanaraq, Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.