İtaliyanın paytaxtı Roma şəhərinə təlim səfəri

2022-ci ilin 19 – 21 oktyabr tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX) çərçivəsində İtaliya Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində səlahiyyətli orqanların əməkdaşlığı: aktual çağırışlar və müasir yanaşma” mövzusunda təlim səfəri keçirilmişdir.
Səfərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Elmir Zeynalov və İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Teymur Qarayevin tərkibində nümayəndə heyəti iştirak etmişdir.
Nümayəndə heyətini qəbul edən İtaliyanın Ədliyyə naziri Marta Kartabia ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən dostluq münasibətlərinin mövcudluğunu vurğulayaraq baş tutan səfərin

qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli əlaqələrin inkişafına tövhə verəcəyini qeyd etmişdir.
Daha sonra Ədliyyə Nazirliyin Beynəlxalq əlaqələr və hüquqi əməkdaşlıq Baş idarəsinin rəisi Stefano Opilio ilə ikitərəfli görüş keçirilmiş, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində ikitərəfli əlaqələrin genişlənməsinin zəruriliyi vurğulanmışdır.
Səfər çərçivəsində İtaliyanın Ədliyyə, Daxili İşlər Nazirlikləri və Baş Prokurorluğun nümayəndələri tərəfindən cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində rəqəmsal alətlərin istifadə olunması, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və idarə olunması mövzularında təqdimatlar keçirilmiş, həmçinin tərəflər üçün maraq kəsb edən digər məsələlər üzrə də qarşılıqlı fikir mübadiləsi aparılmışdır.