“Peşəkar hüquq təhsilində innovasiyalar: mövcud problemlər və yeni imkanlar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans

17.05.2022-ci il tarixdə Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası tərəfindən təşkil edilmiş “Peşəkar hüquq təhsilində innovasiyalar: mövcud problemlər və yeni imkanlar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Talıb Cəfərov, şöbə prokuroru Rauf Abdullayev və Kadrlar idarəsinin prokuroru Tamara Əlişzadə onlayn rejimdə iştirak etmişlər. Konfrans qarışıq formatda (əyani və onlayn) özbək, rus, fransız və ingilis dillərində keçirilmişdir.
Konfransın məqsədi müasir hüquq tətbiqi təcrübəsinin ehtiyac və tələblərinin ödənilməsinə yönəlmiş peşəkar hüquq təhsilinin inkişafı üzrə məsələlərin müzakirəsi və birgə həllinin axtarışı üçün platforma yaradılması olmuşdur.
Tədbirdə Özbəkistan Respublikası Baş prokurorunun müavini Erkin Yoldaşev, Ali Məclisin Qanunvericilik Palata sədrinin birinci müavini Akmal Saidov, Ali və orta xüsusi təhsil nazirinin müavini Raximjon Hakimov, ATƏT koordinatorı  İm Xans-Ulrix və digər rəsmi şəxslər, eləcə də Malayziya, Koreya, Fransa, Rusiya, Almaniya və digər ölkələrin peşəkar hüquq sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.
Konfrans çərçivəsində çıxış edən Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiya rəisi Yevqeniy Kolenko, Yaponiya təmsilçisi Taro Morinaqa, Çin Milli prokurorluq məktəbinin professoru Son Jinqlin, Qazaxıstan təmsilçisi Saule Saparliyeva və digərləri rəqəmsal texnologiyalardan istifadə etməklə peşə hazırlığının təşkilinə dair öz təcrübələri ilə iştirakçıları tanış etmişlər.
Konfrans iki hissədən ibarət olmaqla, Azərbaycan Prokurorluğunu təmsil edənlər əvvəlcə plenar sessiyada, sonra isə mövzu üzrə bölünərək paralel sessiyalarda səslənmiş fikirləri dinləmişlər, xarici ölkələrin təcrübəsi ilə tanış olmuşlar. Qərara alınmışdır ki, milli prokurorluq orqanlarında peşə hazırlığının keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirlər zamanı konfransda səslənilmiş müasir təlim komponentləri və xarici ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınsın.