Elmi-tədqiqat sahəsində xarici tərəfdaşlıq – 2022

Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları, tədris müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün əməli addımlar atılmış, səmərəli əməkdaşlığı əhatə edən bir sıra memorandumlar imzalanmışdır.

Məsələn, Ukrayna prokurorlarının təlim mərkəzi ilə elmi araşdırmaların inkişaf etdirilməsinin, hüquq sahəsində innovativ potensialdan səmərəli istifadənin, prokuror və müstəntiqlərin hazırlanması üçün səylərin və resursların birləşdirilməsi məqsədilə danışıqlar aparılmış, əməkdaşlıq haqqında memorandum layihəsi hazırlanmışdır. Ukrayna tərəfinin təklifi ilə memorandumun 3 dildə (Azərbaycan, Ukrayna və İngilis) tərtib edilməsi nəzərdə tutulmuşdur. Memorandum layihəsi ingilis dilinə tərcümə edilməsi və səlahiyyətli dövlət qurumu ilə razılaşdırılması məsələsinə baxılması üçün Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinə göndərilmişdir.

Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası ilə Mərkəz arasında uzunmüddətli işgüzar əlaqələr mövcuddur, bu münasibətlərin səmərəliyinin artırılması məqsədilə Özbəkistan tərəfi ilə danışıqlar aparılmış, tərəflərin razılığı ilə “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası arasında əməkdaşlıq haqqında” Memorandum layihəsi hazırlanaraq,  səlahiyyətli dövlət qurumu ilə razılaşdırılması üçün Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinə göndərilmişdir.
Avropa İttifaqının Təlimlər Agentliyinin (CEPOL) dəstəyi və Azərbaycan Respublikası Prokurorluğunun təşkilatçılığı ilə “Azərbaycanın hüquq sistemi ilə tanışlıq” mövzunda Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi İeva Lukoşeviçiene ilə 17.05.2022-ci ildə Mərkəzdə təcrübə mübadiləsi həyata keçirilmişdir.
Azərbaycan və Özbəkistan baş prokurorluqları arasında imzalanmış “2022 – 2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə ölkəmizə səfər etmiş Özbəkistan prokurorluğunun nümayəndə heyəti 08.06.2022-ci ildə Mərkəzin fəaliyyəti ilə tanış olmuşlar.

 

 

Qazaxıstan Respublikasının Baş Prokurorluğunun yanında Hüquq-Mühafizə Akademiyasının müraciəti əsasında “Məişət zorakılığına qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi” və “Türkiyə Respublikasının məişət zorakılığı ilə mübarizə sahəsində qanunvericiliyi” mövzularında materiallar toplanaraq müraciətedən tərəfə təqdim edilmişdir.

2022-ci ilin 18 yanvar, 24 mart, 14 aprel, 12 və 13 may tarixlərində Avropa Şurasının Kibercinayətkarlıqla Mübarizə Proqramı Ofisi tərəfindən KUDO proqram vasitəsi ilə cinayət işlərində elektron sübutların işlənməsi, aktuallığı və qəbuledilməzliyi mövzusunda təşkil edilmiş seminarlarda Mərkəzdə şöbənin böyük prokuroru Nigar Əskərova və şöbə prokuroru Rauf Abdullayev onlayn rejimində iştirak etmişlər.

05.04.2022-ci ildə “2022 – 2025-ci illər üzrə Avropa Şurasının Azərbaycan üçün yeni Fəaliyyət Planı”nın rəsmi təqdimatında Mərkəzin şöbə rəisi Fərid Dadaşov və böyük prokuroru Nigar Qələndərli iştirak etmişlər.
21.04.2022-ci ildə Avropa Şurasının təşkili ilə “Korrupsiyanın qarşısının alınmasına giriş” mövzusunda onlayn videokonfrans formatında təqdimatın keçirilməsində Mərkəzin böyük prokuroru Nigar Qələndərli iştirak etmişdir.
22.04.2022-ci ildə Sankt-Peterburq beynəlxalq kriminologiya klubunda Qaradəniz-Xəzər region ölkələrinin hüquqşünaslar assosiasiyası və ali təhsil müəssisələri ilə birgə “Kriminologiyada səbəbiyyət problemləri” mövzusunda keçirilmiş beynəlxalq müzakirədə Mərkəzin şöbə rəisi Talıb Cəfərov onlayn rejimində iştirak etmişdir.
17.05.2022-ci ildə Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası tərəfindən təşkil edilmiş “Peşəkar hüquq təhsilində innovasiyalar: mövcud problemlər və yeni imkanlar” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransda Mərkəzin şöbə rəisi Talıb Cəfərov və şöbə prokuroru Rauf Abdullayev onlayn rejimində iştirak etmişlər.
13 – 15 iyun 2022-ci ildə Moskva şəhərində keçirilmiş “Prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərə, habelə İnternetdə qadağan olunmuş məlumatların, o cümlədən ekstremist və terror xarakterli məlumatların yayılmasına qarşı mübarizə” adlı seminarda Mərkəzdə şöbənin böyük prokuroru Nigar Əskərova iştirak edərək təcrübə mübadiləsinin aparılması çərçivəsində “Azərbaycan prokurorluq orqanlarının iş fəaliyyətində informasiya texnologiyaların tətbiqi” mövzusunda çıxış etmişdir.

 

 

16.06.2022-ci ildə Avropa Şurasının Bakıdakı Ofisi tərəfindən “İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər çağırışlar” mövzusunda keçirilmiş konfransda Mərkəzi Nigar Əskərova təmsil etmişdir.
23.06.2022-ci ildə Belarus Respublikası İstintaq Komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsi tərəfindən Minsk şəhərində təşkil edilən “İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” mövzusunda II beynəlxalq elmi-praktiki konfransda Mərkəzin şöbə rəisi Talıb Cəfərov iştirak edərək, məruzə ilə çıxış etmiş və Mərkəzin fəaliyyəti ilə əlaqədar təqdimat keçirmişdir.

 

 

Minsk şəhərində təşkil edilən beynəlxalq elmi-praktiki konfrans çərçivəsində 24.06.2022-ci ildə Belarus Respublikası İstintaq Komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsində Talıb Cəfərovun iştirakı ilə təcrübə mübadiləsi keçirilmişdir.
07.09.2022-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Beynəlxalq Ticarət Əməliyyatlarında Rüşvətxorluq” İşçi qrupunun sədri Draqo Kos və OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) meneceri Olqa Savran Baş Prokurorluğun inzibati binalar kompleksinə səfər edərək, Mərkəzin təyinatı, imkanları və texniki təchizatı ilə tanış olmuşlar.
19 – 21 oktyabr 2022-ci ildə İtaliyanın Roma şəhərində təlim səfərində olan Əmir Ocaqverdiyevin iştirak etdiyi nümayəndə heyəti İtaliyanın Ədliyyə naziri Marta Kartabia və nazirliyin idarə rəisi Stefano Opilio tərəfindən qəbul edilmiş, İtaliyanın Ədliyyə, Daxili İşlər Nazirlikləri və Baş Prokurorluğun nümayəndələri ilə təcrübə mübadiləsi aparılmışdır.
01.11.2022-ci ildə Mübariz Əhmədov və Əmir Ocaqverdiyev Özbəkistanın Daşkənd şəhərinə ezam olunaraq Mərkəz ilə Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanmış, səfər çərçivəsində onlar “Cinayət mühakiməsi sahəsində səmərəli transsərhəd əməkdaşlığı üçün potensialın gücləndirilməsi” mövzusunda dəyirmi masada iştirak etmişlər və Səmərqənd vilayət prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olmuşlar.
7 – 9 noyabr 2022-ci ildə Fransanın Strasburq şəhərində Mübariz Əhmədov və Əmir Ocaqverdiyev ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəliyini ziyarət etmişlər, Avropa Şurasının İqtisadi  cinayətlər və əməkdaşlıq şöbəsinin rəhbəri Mustafa Ferati ilə səmərəli fikir mübadiləsi aparmışlar.
01.12.2022-ci ildə Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti üçün Mərkəzin funksional təyinatı, imkanları və texniki təchizatı ilə əlaqədar Nigar Qələndərli təqdimat keçirmiş, onlar tərəfindən təşkil edilmiş məşğələlərdə Nigar Əskərova iştirak etmişdir.
10 – 14 dekabr 2022-ci ildə Türkiyənin İstanbul şəhərinə səfər zamanı “Türk Ədliyyə Təlim Şəbəkəsinə dair Anlaşma Memorandumu” imzalanmış və bununla bağlı tədbirlərdə Mübariz Əhmədov, Əmir Ocaqverdiyev və Ramin Camalov Baş Prokurorluğu təmsil etmişlər. Baş Prokurorluğun da təsisçi kimi yaradılmasında iştirak etdiyi bu Türk Ədliyyə Təlim Şəbəkəsi orada təmsil olunan 12 ədliyyə və prokurorluq təlim mərkəzləri və akademiyalarının təlim-tədris bazasını daha da gücləndirəcək, əməkdaşlıq imkanlarını genişləndirəcək, hakim və prokurorların təliminə öz töhfəsini verəcəkdir.

 

 

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı Birliyinin təşəbbüsü və müxtəlif universitetlərin hüquq fakültələrində təhsil alan tələbələrin iştirakı ilə Mərkəzdə “Şahid Dindirmə Müsabiqəsinin” 22.10.2022-ci ildə dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan hazırlıq (təlim) mərhələsi, 05.11.2022-ci ildə isə final mərhələsi keçirilmişdir. Müsabiqədə təşkilatçı, təlimçi və hakim qismində digər prokurorluq işçiləri ilə yanaşı, Nigar Qələndərli və Çingiz Əli-zadə iştirak etmişlər. Tədbirin sonunda təşkilatçılara və təlimçilərə təşəkkürnamə, qalib komandanın üzvlərinə isə mükafatlar və sertifikatlar təqdim olunmuşdur.
29.07.2022-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin iştiraki ilə keçirilmiş videokonfransda Rauf Abdullayev və Nigar Əskərova iştirak edərək, sonuncu məruzə ilə çıxış etmişdir.
26.09.2022-ci ildə Türkiyənin Ədliyyə Akademiyası tərəfindən onlayn formatda təşkil edilən “Türkdilli Dövlətlərin Ədliyyə Akademiyaları arasında Anlaşma Memorandum” layihəsinin müzakirəsinə həsr olunmuş görüşdə Talıb Cəfərov və Əmir Ocaqverdiyev iştirak etmişlər.
26 – 27 sentyabr 2022-ci ildə Baş Prokurorluğun nümayəndə heyətinin üzvü kimi Mübariz Əhmədov Gürcüstanda işgüzar səfərdə olaraq Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti iclasında, 27-ci illik konfransında və ümumi yığıncağında iştirak etmişdir.
28.10.2022-ci ildə Beynəlxalq Kommersiya Arbitraj Şurası (ICCA) tərəfindən hazırlanmış “Nyu-York konvensiyasının şərhinə dair” kitabın təqdimat mərasimində Ramin Camalov iştirak etmişdir.
1 – 2 noyabr 2022-ci ildə Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi CyberEast və CyberSecurity layihələri üzrə İnsidentlərə Cavab Komandaları (CSIRT) ilə hüquq-mühafizə orqanları arasında əlaqələrin qurulmasına həsr edilmiş müzakirələrdə Nigar Əskərova iştirak etmişdir.
04.11.2022-ci ildə Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyasının təşkilatçılığı ilə “Hüquq-mühafizə orqanlarının fəaliyyətinin aktual məsələləri” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransa Talıb Cəfərov, Rauf Abdullayev və Nigar Əskərova online formatda qoşularaq, sonuncu tədbirin plenar sessiyasında “Azərbaycan Respublikasında prokurorun konstitusion-hüquqi statusu” adlı məruzə ilə rus dilində çıxış etmiş, onun məqaləsi konfrans materiallarında dərc olunması üçün təşkilatçılara təqdim edilmişdir.