“Özbəkistan Prokurorluğu: dünən, buğun və sabah” mövzusunda beynəlxalq elmi-praktiki konfrans

16.12.2021-ci il tarixdə Özbəkistan Respublikası Prokurorluğunun 30 illik yubileyi ərəfəsində keçirilmiş “Özbəkistan Prokurorluğu: dünən, buğun və sabah” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun rəhbərliyi ilə Baş Prokurorluğun nümayəndə heyəti videokonfrans vasitəsilə iştirak etmişdir. Tədbirə Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldaşevin, Beynəlxalq prokurorlar assosiasiyasının prezidenti Çxol-Kyu Xvanın, MDB-yə üzv dövlətlərin Baş prokurorlarının Koordinasiya şurasının icraçı katibi Vladimir Ziminin və digər məsul şəxslər qoşulmuşlar.
Konfrans qarışıq formatda (əyani və onlayn) özbək, rus və ingilis dillərində keçirilərək, gündəliyində prokurorluğun cinayət təqibindən kənar fəaliyyəti, prokurorluqda işin təşkili, peşə hazırlığı, rəqəmsal texnologiyaların tətbiqi, müxtəlif sahələr üzrə prokuror nəzarətinin həyata keçirilməsi, inzibati xətalar haqqında işlər üzrə icraatda prokurorun iştirakı və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Cənab Elmar Camalov Özbəkistan Prokurorluğunun yaradılmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırmaqla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi hüquq sistemində də aparılan islahatlar, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi barədə konfrans iştirakçılarına geniş məlumat vermişdir. Baş prokurorun müavini Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, işğaldan azad edilən ərazilərimizdə həyata keçiriləcək geniş quruculuq-bərpa işləri və layihələr, post-müharibə dövrünün regionumuz üçün açdığı yeni imkanların əhəmiyyətindən danışmışdır.
Bu tədbir çərçivəsində prokurorluğun fəaliyyətinin xarici ölkələrin timsalında inkişaf mərhələləri nəzərdən keçirilərək, faydalı məlumatlar səslənilmiş, aktual problemlər üzrə fundamental və tətbiqi xarakterli təkliflər irəli sürülmüş, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi məsələləri müzakirə obyekti olmuşdur.