Elmi-tədqiqat sahəsində xarici tərəfdaşlıq – 2020

       Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları, tədris müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün əməli addımlar atılır.
Misal kimi aşağıdakı tədbirləri göstərmək olar:

  • “Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında təhsil və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında” Memorandum layihəsi hazırlanaraq, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinə təqdim edilmiş;
  • “2021 – 2022-ci illər ərzində Rusiya Federasiyasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlığa dair Proqram” layihəsinə təkliflər verilmiş;
  • “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında” saziş layihəsinə dair təkliflər irəli sürülmüşdür.

 
Həmçinin, 27.05.2020-ci ildə Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyasının Zoom proqramı vasitəsilə təşkil etdiyi “Hüquq mühafizə fəaliyyət sahəsində tədris potensialının yüksəlməsi: müasir çağırışlar və qərarlar” mövzusunda olan video-konfransda Mərkəzin rəisi Mübariz Əhmədov iştirak edərək, “Vəziyyətin təhlili metodunun mahiyyəti” adlı çıxış etmişdir.
01.06.2020-ci il tarixdə BMT-ın Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyindən daxil olan dəvətə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yuvenal Ədliyyə üzrə Sektorlararası İşçi Qrupunun üzvü kimi Mərkəzin əməkdaşı Rəşad Qasımov İşçi Qrupunun videokonfrans formatındakı toplantısında iştirak edərək yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının qorunması sahəsində milli qanunvericiliyin vəziyyətinə dair məlumat vermişdir.
18.06.2020-ci il tarixdə Rusiya Federasiyasının Ural Dövlət Hüquq Universiteti, Almaniya Federativ Respublikasının Martin Luter adına Halle-Vittenberq Universiteti və Ədliyyə Akademiyasının təşkilatçılığı ilə “Rəqəmsal mühakimə dövründə məhkəmə təcrübəsinin formalaşması problemləri” mövzusunda distant formada keçirilmiş beynəlxalq elmi-praktiki konfransda Mərkəzin rəisi və digər işçiləri, habelə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin işçiləri iştirak etmişlər.
Daxil olmuş dəvət məktublarına əsasən Mərkəz tərəfindən Özbəkistan Respublikasının Baş Prokurorluğunun Akademiyasında 27.11.2020-ci ildə “Antikorrupsiyada tətbiqi tədqiqatların rolu: akademik icma ilə vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqə məsələləri” və 18.12.2020-ci ildə “Özbəkistan Respublikasında miqrasiyaya dövlət idarəetmənin aktual məsələləri” mövzularında təşkil edilmiş video-konfranslarda, eləcə də  Avropa Şurasının təşkilatçılığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “CyberEast” layihəsində prokurorluq işçilərinin iştirakı barədə məsələlər həll edilmişdir.