Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu

Fevralın 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndə heyəti ilə işçi qaydasında görüş keçirilmişdir. Görüş çərçivəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov DVX-nin Tədris Mərkəzinin rəis vəzifəsini icra edən Mirəli Kazımovu qəbul etmişdir.
Görüşdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Talıb Cəfərov, DVX-nin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev və digər şəxslər iştirak etmişlər.
Qonaqlar paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində yerləşən Baş Prokurorluğun yeddi idarəsi, o cümlədən Elm-Tədris Mərkəzi fəaliyyət göstərən yeni inzibati bina kompleksində prokurorluq işçiləri üçün yaradılmış iş şəraiti ilə, tədris auditoriyaları, kitabxana, kriminalistik laboratoriya və Qarabağ uğrunda Vətən Müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə tanış edilmişlər.
Görüş zamanı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Tərəflər tədris, elmi-tədqiqat fəaliyyəti və digər müvafiq sahələrdə qanunvericiliyin inkişaf etdirilməsi, kadrların ixtisas və peşə hazırlığı səviyyələrinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, fəaliyyət sahələrinə uyğun ayrı-ayrı məsələlər üzrə elmi-metodiki köməkliklərin göstərilməsi, normativ sənədlərin və onların layihələrinin ekspertizasının keçirilməsi, səlahiyyətləri çərçivəsində peşəkar imkanların daha da genişləndirilməsinə xidmət edən ekspertiza fəaliyyəti, rəqəmsal texnologiyaların tətbiqi və digər məsələlər üzrə əməkdaşlıq etmələrinə dair razılığa gəlmişlər.
Tərəflər eyni zamanda birgə əməkdaşlıq çərçivəsində hüquq, mühasibat uçotu, maliyyə-vergi münasibətləri və digər müvafiq sahələr üzrə normativ sənədlərin, tədris, təlim və biliktutumlu digər materialların qarşılıqlı mübadiləsini, əməkdaşların fəaliyyət istiqamətləri üzrə zəruri olan peşə və ixtisaslar üzrə nəzəri bilik və praktiki bacarıqlarının inkişafı üçün əhəmiyyət kəsb edən sahələr üzrə təlimlərin təşkil edilməsini, birgə elmi əsərlərin, tədris-metodiki vəsaitlərinin hazırlanmasını, habelə elmi-praktiki konfrans, seminar, dəyirmi masa və digər tədbirlərin keçirilməsini və qarşlılıqlı faydalı olan digər sahələr üzrə əməli köməkliklərin göstərilməsini həyata keçirəcəklər.