Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Hesablama Palatasının Təlim Mərkəzi arasında əməkdaşlıq haqqında protokol imzalanıb

2024-cü ilin aprelin 2-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb. Həmin sənəd qurumlar arasında yeni əməkdaşlıq imkanlarını açmaqla yanaşı müxtəlif təlim proqramlarının həyata keçirilməsinə hədəflənib.
Qurumlar arasında peşə hazırlığı və tədrisin təşkili sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, mövcud əməkdaşlıq əlaqələrinın daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.
Memorandumda öz əksini tapan bu məsələlərin, eləcə də hər iki tərəfdaş qurum tərəfindən peşə hazırlığı sahəsində həyata keçiriləcək birgə layihələrin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Hesablama Palatasının Təlim Mərkəzinin nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə səfər ediblər.   
Qonaqlar Baş Prokurorluğun inzibati binalar kompleksi, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları, iclas zalları və kitabxana ilə, eləcə də Mərkəzdə istifadə olunan informasiya sistemlərinin fəaliyyəti ilə tanış olublar.
Daha sonra Hesablama Palatasının Təlim Mərkəzinin rəhbəri Ramal Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun, rəis müavinləri Talıb Cəfərovun və Səbuhi Şahverdiyevin, şöbə rəisləri Nigar Qələndərlinin və Əmir Ocaqverdiyevin iştirakı ilə qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilərək, peşə hazırlığının təşkil olunması sahəsində səylərin birləşdirilməsi qərara alınıb.
Görüşün nəticələrinə uyğun olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun və Hesablama Palatasının Təlim Mərkəzinin rəhbəri Ramal Əzizovun iştirakı ilə Mərkəzlər arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Protokol prokurorluq orqanlarının və Hesablama Palatanın əməkdaşlarının bilik səviyyələrinin və peşə hazırlıqlarının yüksəldilməsi üçün birgə tədris tədbirlərinin təşkil edilməsi, tərəflərin fəaliyyət sahələrinəaid yeni, müasir layihələrin işlənib hazırlanması, təlim və treninq materiallarının mübadiləsi, müxtəlif aktual mövzular üzrə birgə elmi-nəzəri və praktiki tədqiqatların aparılması və sair məsələlər üzrə geniş əməkdaşlığı əhatə edir.