Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri üçün “Açıq qapı” günü keçirilib

Gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə marağının artırılması məqsədilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi müxtəlif işlər görür, gənc hüquqşünasların iştirakı ilə mütəmadi olaraq hüquq müsabiqələri, viktorinaları və sair tədbirlər həyata keçirir, prokurorluq orqanları ilə təhsil müəssisələri arasında bir körpü rolunu yetirir.
Bu tədbirlərin davamı olaraq, 2024-cü ilin mart ayının 6 və 7 Dövlət Gömrük Komitəsi Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində və Baş Prokurorluğun inzibati binalar kompleksində “Açıq qapı” günü keçirilmişdir.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərlinin və baş məsləhətçisi İlkanə Qasımovanın səyləri nəticəsində baş tutmuş bu tədbir iki gün davam etmişdir.
Tədbirin birinci günündə gənc hüquqşünaslar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binası ilə tanış olmuşlar, Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və müvafiq sahədə zəruri bilik və təcrübəyə malik əməkdaşları tərəfindən tələbələr üçün Baş İdarənin strukturu və funksiyaları ilə bağlı təqdimat keçirilmiş, onlara Baş İdarənin idarə və şöbələrinin fəaliyyəti barədə geniş məlumat verilmişdir. Tanışlıq çərçivəsində tələbələr “161 Qaynar Xətt” əlaqə mərkəzinin fəaliyyəti haqqında, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) istifadə qaydaları barədə, vətəndaşların qəbul proseduru və kriminalistika məqsədləri üçün istifadə olunan avtomobil haqqında geniş məlumatlar almışlar.
Tədbirin növbəti günündə Baş Prokurorluğun inzibati binalar kompleksində olarkən, tələbələr prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə, istintaq hərəkətləri üçün nəzərdə tutulmuş otaqlarla, müasir kriminalistika texnikası ilə, Qarabağ uğrunda aparılmış Vətən Müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə, Baş Prokurorluğun kitabxanaları ilə, habelə tədris auditoriyaları və iclas zalları ilə tanış olmuşlar.
İki gün davam edən tədbirdə tələbələrlə yanaşı, Dövlət Gömrük Komitəsi Akademiyasının kafedra müdiri Hakim Əzizov və böyük mütəxəssisi Yavər Məmmədova iştirak etmişlər.
Tədbirin sonunda prokurorluğun fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılmış, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.