Elmi yaradıcılıq sahəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin qarşılıqlı əlaqələri möhkəmlənir

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının dəvətinə əsasən, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov, şöbə rəisi Nigar Qələndərli və böyük prokuroru İradə Xəlilova Akademiyanın yaradılmasının 25 illik yubileyinə həsr olunmuş 2023-cü ilin dekabr ayının 1-i və 2-i keçirilmiş “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcısıdır” adlı respublika elmi-praktik konfransda iştirak etmişlər.
Tədbir Bakı şəhəri, Rəşid Behbudov küçəsi 3 saylı ünvanda yerləşən Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində baş tutmuşdur. Tədbirə Ali Məhkəmənin, hüquq mühafizə orqanlarının, habelə Elm və Təhsil Nazirliyinin rəhbərliyi, həmin qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin və ictimai təşkilatlarının nümayəndələri dəvətli olmuşlar.
Tədbirin ilk günü təntənəli mərasimin açılışından əvvəl xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, büstü önünə gül qoyulmuş, Dövlət Himni səslənilmiş və Akademiyanın 25 illik yubileyinə həsr olunmuş videomaterial nümayiş etdirilmişdir. Konfransın plenar iclası vəzifəli şəxslərin çıxışlarından və bədii hissədən ibarət olmuşdur.
02.12.2023-cü ildə davam edən konfransın bölmə iclasları “Hüquq elmlərini”, “İctimai-siyasi elmləri” və “İnformasiya təhlükəsizliyini” əhatə etmişdir. Bölmə iclaslarında Elm-Tədris Mərkəzinin yuxarıda adları qeyd olunan əməkdaşlarının çıxışları maraqla qarşılanmışdır.
Həmçinin konfransın sənədlər toplusunda Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun “Cinayət prosesində elektron sübutlar və onların əhəmiyyəti”, rəis müavini Talıb Cəfərovun “Elm və təhsilin inkişafında Heydər Əliyevin əvəzolunmaz xidmətləri”, şöbə rəisi Nigar Qələndərlinin “Azərbaycanın milli təhlükəsizliyi Heydər Əliyevin fəaliyyətinin əsası kimi”, eləcə də böyük prokuroru İradə Xəlilovanın “Hüquqi islahatlar Ulu öndər Heydər Əliyevin baxış bucağında” adlı məqalələri dərc edilmişdir.
Bu kimi tədbirlər Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası arasında formalaşmış qarşılıqlı əlaqələrin gələcəkdə də elmi yaradıcılıq fəaliyyəti üçün daha da məhsuldar olacağına əminlik yaradır.