Elmi-tədqiqat sahəsində ölkə daxili əməkdaşlıq – 2021

Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə ölkəmizin aparıcı elmi və təhsil, eləcə də tədris müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün əməli addımlar atılmış, səmərəli əməkdaşlığı əhatə edən bir sıra memorandumlar imzalanmışdır.
23.02.2021-ci ildə “Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında” Memorandum imzalanmışdır. Tədbir çərçivəsində vergi orqanlarının işçiləri Baş Prokurorluğun yeni inzibati binalar kompleksi, o cümlədən Mərkəzin auditoriyaları, Qarabağ uğrunda Vətən Müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, müasir kriminalistik avadanlıqlar, müxtəlif təyinatlı istintaq otaqları ilə tanış olmuşlar.
03.03.2021-ci ildə “Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair” Memorandum imzalanmışdır. Tədbir çərçivəsində Akademiyanın rektoru akademik Urxan Ələkbərov və Baş prokurorun müavini Elmar Camalov Mərkəzin kollektivi qarşısında çıxışlar etmişlər.
05.04.2021-ci ildə “Azərbaycan Respublikası Baş Prokurorluğu və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır. Tədbir zamanı Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binalar kompleksi ilə tanış olmuş, rektorla görüş zamanı gənc hüquqşünasların peşə hazırlığının təşkil edilməsi istiqamətində səylərin birləşdirilməsi qərara alınmışdır.
21.04.2021-ci ildə “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır. Tədbir çərçivəsində Akademiyanın nümayəndə heyəti yeni inzibati binalar kompleksi ilə tanış olmuş və qarşılıqlı əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılmışdır.
23.09.2021-ci ildə “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə prokurorluq əməkdaşlarını təbrik məqsədilə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Baş Prokurorluğun yeni inzibati bina kompleksində olarkən, qonaqlar üçün Elm-Tədris Mərkəzinin funksional təyinatı, imkanları və texniki təchizatı ilə əlaqədar təqdimat keçirilmişdir.
04.10.2021-ci ildə “Davam” Gənclər Hərəkatının nəzdində olan Gənclər Hüquqşünaslar Klubunun üzvlərinin Baş Prokurorluğun yeni inzibati binalar kompleksi ilə tanış olması, onlara prokurorluğunun fəaliyyəti ilə bağlı ətraflı məlumatların verilməsi Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin işçiləri tərəfindən təmin edilmişdir.
10.06.2021-ci ildə Dövlət İdarəçilik Akademiyası və Vəkillər Kollegiyasının birgə təşkil etdiyi “Yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda elmi videokonfransda Mübariz Əhmədov iştirak edərək, məruzə ilə çıxış etmişdir.
06.12.2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən kompleksində keçirilmiş “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda Talıb Cəfərov iştirak etmişdir.