Təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar insan ölümü və digər ağır nəticələrin qarşısının alınması müzakirə edilib

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişafın əsas tərkib hissələrindən olan enerji təhlükəsizliyi istiqamətində həyata keçirilən geniş miqyaslı islahatlar və məqsədyönlü tədbirlər sayəsində ölkəmizdə yanacaq-energetika sistemi müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, etibarlı enerji təminatı və ondan təhlükəsiz istifadə olunması təmin edilmiş, o cümlədən əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə aparılmış mühüm əhəmiyyətli tədbirlər nəticəsində əvvəllər qazla təchiz olunmayan yaşayış məntəqələrinin qazlaşdırılmasına nail olunmuşdur.
Bununla yanaşı, təbii qazdan təhlükəsiz istifadə olunması sahəsində görülmüş ardıcıl tədbirlərə baxmayaraq bəzi hallarda istehlakçıların təhlükəsizlik qaydalarına əməl etməməsi və bu sahədə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən qaz sızması və partlayışı, dəm qazının təsirindən insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara ziyan dəyməsi ilə nəticələnən hadisələrin davam etməsi narahatçılıq doğurur.
Qeyd olunanlar nəzərə alınaraq, 2023-cü ilin oktyabr ayının 30-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində aidiyyəti dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin, Fövqəladə Hallar və Energetika nazirliklərinin, Məhkəmə Ekspertiza Mərkəzinin nümayəndələrinin iştirakı ilə bu sahədə aktual problemlərin həlli yollarına həsr edilmiş geniş konfrans keçirilmişdir. Offlayn və onlayn formatda baş tutmuş bu tədbirə 100-dən artıq şəxs iştirak etmişdir.
Tədbirin ərsəyə gəlməsində Mərkəzin rəisi Mübariz Əhmədovun rəhbərliyi ilə şöbə rəisi Nigar Qələndərlinin, şöbənin böyük prokuroru Çingiz Əli-zadənin, eləcə də sektor müdiri Oqtay Mirzəyevin və baş məsləhətçi İlkanə Qasımovanın iştirakı olmuşdur.
Konfransda Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev “Təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar insan ölümü və digər ağır nəticələrin yaranmasına səbəb olan hallar, bu sahədə mövcud statistik məlumatlar”, həmin idarənin prokuroru Qasım Ağayev “Təbii qazdan istifadə ilə əlaqədar törədilən hüquq pozuntuları, bu pozuntulara görə cinayət, inzibati və digər məsuliyyət növlərinin əsas aspektləri”, Bakı şəhər prokurorunun müavini Fərid Nağıyev “Təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı Bakı şəhərində baş vermiş hadisələrə hüquqi qiymətin verilməsi”, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktorunun müavini Ceyhun Şıxəliyev, həmin qurumda departament rəisi Vüqar Eyvazov “Təbii qazdan istifadə ilə əlaqədar qüvvədə olan normativ-hüquqi baza”, şöbə rəisi İlkin Behbudov “Təbii qazdan istifadə ilə əlaqədar qaz istismarı müəssisələrinin və onların əməkdaşlarının vəzifələri”, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində şöbə rəisi Eldar Əhmədov “Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydaları və onların əhəmiyyəti”, Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyində şöbə rəisi Samid Əliyev “Təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına xidmət edən preventiv tədbirlərin əhəmiyyəti”, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Röyal Talıbov “Təbii qazdan istifadə ilə əlaqədar qaz istismarı müəssisəsi əməkdaşları və istehlakçılar tərəfindən yol verilən səciyyəvi nöqsanlar” mövzusunda çıxış edərək, bu sahədə mövcud problemlərin həlli məqsədilə konkret təkliflər irəli sürmüşlər.
Vurğulanmışdır ki, bu sahədə məsuliyyət tədbirləri ilə yanaşı, təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına xidmət edən preventiv, o cümlədən maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyəti vardır. Geniş fikir mübadiləsi şəraitində keçən konfransın nəticələrinə uyğun olaraq, bu qəbildən olan tədbirlərin gələcəkdə də davam etdirilməsi qərara alınmışdır.