Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Heydər Əliyev və Qanun” adlı hüquq müsabiqəsi keçirilib

2023-cü il sentyabr ayının 25-də prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümünə həsr edilmiş hüquq ixtisası üzrə təhsil alan tələbələr üçün Baş Prokurorluqda “Heydər Əliyev və Qanun” adlı hüquq müsabiqəsi keçirilib.
Müsabiqənin məqsədi – görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev irsinin tədqiqi, Ulu Öndərin qanunvericilik sahəsində həyata keçirtdiyi tədbirlərin gənc nəsil tərəfindən öyrənilməsi, prokurorluq orqanları ilə ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olmuşdur.
Keçirilmiş maarifləndirici yarışmada Mərkəzin tərəfdaşları: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, “ADA” Universitetinin, Milli Aviasiya Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri iştirak ediblər.
Müsabiqə Mərkəz tərəfindən məxfilik rejiminə əməl olunmaqla hazırlanmış və məhz Ulu Öndərin rəhbərliyi dövründə qəbul edilmiş normativ aktları əhatə edən suallar əsasında keçirilib.
Tədbiri Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzə fəlsəfə doktoru Nigar Qələndərli açıq elan etdikdən sonra Mərkəzin rəis müavini Talıb Cəfərov salamlama nitqi ilə çıxış edib. Sonuncu iştirakçılara Ulu Öndərin hər zaman prokurorluq orqanlarına, onun əməkdaşlarına diqqət və qayğı ilə yanaşması, müasir prokurorluğun formalaşmasında əvəzedilməz rolu barədə geniş məlumat verib. Məhz Heydər Əliyevin müvafiq sərəncamına əsasən hər ilin oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu, onun prokurorlar barədə kəlamını iştirakçıların diqqətinə çatdırıb.
Bundan sonra Mərkəzin işçiləri Oqtay Mirzəyevin, İlkanə Qasımovanın, Emin Rəsulzadənin, Ziya Qasımlının və İrina Folomeyevanın əməyi hesabına ərsəyə gəlmiş müsabiqənin keçirilməsinə başlanılıb.
Üç mərhələdən ibarət müsabiqənin yarımfinalına ali təhsil müəssisələrinin 5 tələbəsindən ibarət 8 komandası qoşulub. Cavabların qiymətləndirilməsi isə həmin təhsil ocaqlarının nümayəndələrindən ibarət Münsiflər heyəti tərəfindən həyata keçirilib. Müsabiqənin finalında iştirak hüququ əvvəlki mərhələdə yüksək bal toplamış 4 komanda qazanıb.
Finalda göstərdikləri nəticələrə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası qaliblər sırasında 1-ci yerə, Bakı Dövlət Universitetinin komandası 2-ci yerə layiq görülüb. Müsabiqənin 3-cü yeri Naxçıvan Dövlət Universiteti ilə Polis Akademiyasının komandaları arasında bölüşüb. Müsabiqənin kapitanlar konkursunda isə qalib Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komanda kapitanı Süleymanlı Turqut Emin oğlu olub.
Maraqlı və rəqabət şəraitində keçirilmiş bu tədbir çərçivəsində iştirakçılar və azarkeşlər Milli Aviasiya Akademiyasının və Polis Akademiyasının istedadlı tələbələrinin ifasında vətənpərvər mahnıları dinləyiblər, əvvəlki müsabiqələrdən hazırlanmış, eləcə də Mərkəzin fəaliyyətini əks edən videoçarxları seyr ediblər və sonda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.