Mediasiya Şurası ilə birgə keçirilən konfransda Elm-Tədris Mərkəzinin əməkdaşları iştirak edib

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Mediasiya Şurası arasında əməkdaşlıq əlaqələrin qurulması, kommunikasiyanın həyata keçirilməsi, mediatorların peşə hazırlığının artırılması məqsədi ilə Fəaliyyət Planı təsdiqlənmişdir. Fəaliyyət Planında nəzərdə tutulmuş silsilə tədbirlərin birincisi 2023-cü ilin iyul ayının 26-da maarifləndirici konfrans formatında Baş Prokurorluğun inzibati binalar kompleksində keçirilib.
“Əsas insan hüquq və azadlıqların qorunmasında prokurorluq və mediasiya orqanlarının rolu” mövzusunda keçirilən bu konfransda Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov, Baş Prokurorluğun idarə rəisləri Elnur Musayev və Mübariz Əhmədov, Elm-Tədris Mərkəzinin əməkdaşları, mediatorlar, eləcə də media nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçılarını salamlayan Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev və Nadir Adilov prokurorluqla və Mediasiya Şurası arasında əməkdaşlıq barədə məlumat verib, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov isə mediatorların peşə hazırlığının artırılması məqsədilə nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.
Konfrans çərçivəsində əsas insan hüquq və azadlıqların qorunmasında mediatorların fəaliyyəti, cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması qaydası və prokurorluq qurumları ilə əməkdaşlıq imkanları müzakirə edilib.