Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə ölkəmizin elm, ali təhsil müəssisələri, ixtisaslaşdırılmış xüsusi təyinatlı akademiyaları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Keçən müddət ərzində Mərkəzlə ölkəmizin xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan dövlət təhsil müəssisələrindən olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə birgə bir çox tədris, elmi-tədqiqat, əməkdaşlıq tədbirləri reallaşdırılıb, peşə hazırlığının təşkili sahəsində mühüm birgə nailiyyətlər əldə edilib.
İyulun 14-də Mərkəzin əməkdaşları və prokurorluğun veteranı Polis Akademiyasını ziyarət edərək, Akademiyanın fəaliyyəti, tədris prosesi, maddi-texniki bazası, tətbiq edilən müasir təhsil metodları ilə yaxından tanış olub.
Tədbiri giriş sözü ilə açan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi Canpolad Daanov Akademiyanın təhsil, peşə hazırlığı sahəsində əldə etdiyi yüksək nailiyyətlər, tətbiq edilən innovativ metodlar, təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verərək, prokurorluq orqanları ilə tədris sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib.
Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Akademiya ilə birgə təşkil edilən təlimlərin, elmi konfrans və tədqiqatların hər iki qurum əməkdaşlarının peşə hazırlığına mühüm töhfə verəcəyini bildirib.
Tədbir çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandum mövcud əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsinə, kadr hazırlığına, birgə elmi-tədqiqatların aparılmasına öz mühüm töhfəsini verəcək.