Elm-Tədris Mərkəzinin əməkdaşı Konstitusiya Məhkəməsi tərəfindən təşkil edilmiş elmi-nəzəri konfransda iştirak edib

2023-cü ilin aprel ayının 19-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konstitusiya Məhkəməsinin sədri, sədr müavini, hakimləri və məsul əməkdaşları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, Vəkillər Kollegiyasının sədri, Milli Məclisin deputatları, hüquq sahəsi üzrə bir sıra görkəmli alim və ictimai xadimlərin iştirak etdiyi tədbirdə Baş Prokurorluğu digər prokurorluq işçiləri ilə yanaşı Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli təmsil edib.
Konfransda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, hüquq üzrə elmlər doktoru, professor Fərhad Abdullayev, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri, hüquq üzrə elmlər doktoru, professor İlham Rəhimov, Milli Məclis sədrinin müavini Bahar Muradova və digərləri çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən, Konstitusiyanın qəbulundan, qanun və məcəllələrin beynəlxalq normalara uyğunlaşdırılmasından danışıblar.
Tədbir çərçivəsində həmçinin natiqlərin “Azərbaycanda Ombudsman təsisatının yaradılmasında Ulu Öndər Heydər Əliyevin rolu”, “Heydər Əliyev Müstəqil Azərbaycan vəkilliyinin banisi kimi”, “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu”, “Konstitusiyada təsbit edilmiş dəyərlərin inkişafında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu”, “Ümummilli lider Heydər Əliyev və Müstəqil Azərbaycan” və digər hüquqi mövzular üzrə çıxışları dinlənilib.
Məruzələr zamanı dahi lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, böyük xilaskarlıq rolundan danışılıb, ölkəmizin bütün sahələrdə qazandığı uğurların Ümummilli Lider Heydər Əliyevin apardığı siyasətinin nəticəsi olduğu vurğulanıb, geniş fikir mübadiləsi aparılıb.