“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda keçirilmiş elmi-praktik konfransda Baş Prokurorluğun nümayəndəsi iştirak edib

Görkəmli dövlət və siyasi xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında cari ilin may ayının 3-də keçirilmiş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda elmi-praktik konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli iştirak etmişdir.
Konfransı başlamadan öncə qonaqların iştirakı ilə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyulub. Daha sonra Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı Polis Akademiyasının rəisi Canpolad  Daanov açıq etdikdən sonra, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi İlqar Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini icra edən Elşad Nəsirov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli açılış nitqi ilə çıxış etdilər.
Tədbirin davamında Polis Akademiyasının kursantları  tərəfindən hazırlanmış Ümummilli Liderə həsr olunmuş saytın təqdimatı keçirilib.
Daha sonra Ombudsman Aparatının, Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Ədliyyə akademiyalarının əməkdaşları Ulu öndərin həyat və fəaliyyətini əks etdirən məruzələrlə çıxış ediblər. Heydər Əliyevlə canlı görüşlərin iştirakçısı olan qonaqlar isə öz xatirələrini konfrans iştirakçıları ilə bölüşüblər.
Tədbirdə görkəmli alimlər, professor-müəllim heyəti, kursantlar, tələbələr, habelə Polis Akademiyasının “Heydər Əliyev təqaüdü”nə layiq görülmüş məzunları da iştirak ediblər.
Keçirilən elmi-praktik konfransın sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.