Ali təhsil müəssisələrinin hüquq fakültələrində təhsil alan tələbələr arasında “Hüquq viktorinası”

Hüquqi biliklərin təbliği, gənc hüquqşünasların təhsilinə, onlarda hüquqşünaslıq ixtisası üzrə ilkin peşə vərdişlərinin formalaşdırılmasına töhfə verilməsi,  eləcə də prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Bu tədbirlərin davamı olaraq, cari ilin 15 sentyabrında Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “1 oktyabr prokurorluq orqanları işçilərinin peşə bayramı” ilə əlaqədar ali təhsil müəssisələrinin hüquq fakültələrində təhsil alan tələbələr arasında “Hüquq viktorinası” müsabiqəsi keçirilmişdir. Müsabiqəyə iştirakçılar qismində Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, “ADA” Universitetinin hüquq fakültələrində “Konstitusiya hüququ”, “Cinayət hüququ”, “Cinayət-prosessual hüquq” fənləri üzrə təhsil proqramını tam mənimsəmiş tələbələri qoşulmuşlar. Qeyd olunan fənlərə və ümumi dünyagörüşünə aid maraqlı suallara verilən cavabların qiymətləndirilməsi Baş Prokurorluğun, eləcə də qeyd olunan ali təhsil müəssisələrinin təcrübəli nümayəndələrindən ibarət müsabiqə komissiyası tərəfindən həyata keçirilmişdir.
İki mərhələdən ibarət müsabiqənin birinci mərhələsində ali təhsil müəssisələrinin komandaları arasında olduqca maraqlı yarışma aparılmış, sualların cavablandırılması kollektiv şəkildə məşvərət aparılmaqla, hər universitetin komandasını təmsil edən nümayəndə tərəfindən həyata keçirilmişdir. Müsabiqənin növbəti mərhələsində isə universitet komandalarının kapitanları arasında yarışma davam etmişdir. Maraqlı və rəqabət şəraitində keçən müsabiqənin ilk mərhələsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin yığma komandası, komanda kapitanlarının yarışmasını özündə ehtiva edən müsabiqənin ikinci mərhələsində isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin tələbəsi Maya Eyvazzadə qalib gəlmişdir. Digər komanda və tələbələr yarışmada müvəffəqiyyətlə iştirak edərək uğur əldə etmişlər.