Dövlət Gömrük Komitəsi Akademiyasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin dəstəyi ilə “Heydər Əliyev və humanizm prinsipləri” mövzusunda elmi-praktiki seminar keçirilib

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə səyi nəticəsində 2023-cü ilin mart ayının 6-da gənc əməkdaşlar üçün “Heydər Əliyev və humanizm prinsipləri” mövzusunda elmi-praktiki konfrans keçirilib
İlk öncə Ulu Öndərin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin formalaşmasında tarixi rolu barədə məlumat verərək, dövlətçilik təsisatlarının təşəkkülü və möhkəmləndirilməsində Ümummilli liderin əvəzsiz xidmətləri barədə çıxış edib. Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov çıxışında qayəsində humanizm və insanpərvərlik prinsiplərinin dayandığı Ulu öndər Heydər Əliyevin hüquq siyasəti barədə məlumat verib.
Daha sonra Mərkəzin şöbə rəisi Nigar Qələndərli “Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Heydər Əliyevin irsi”, şöbənin böyük prokuroru Nigar Əskərova “Azərbaycan Respublikasında qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində Heydər Əliyevin rolu”, şöbə prokuroru Rəşad Qasımov “Heydər Əliyev və vətəndaş məmnunluğunun hüquqi dövlət quruculuğunda xüsusi rolu” mövzularında məruzə və təqdimatlarla çıxış ediblər.
Həmçinin seminarda Akademiyanın kafedra müdiri Hakim Əzizovun “Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiyası – İnsan hüquqları”, böyük mütəxəssisi Yavər Məmmədovanın “Heydər Əliyev və Azərbaycan hüququnda humanizm – ölüm hökmü”, baş müəllimi Şahin Hüseynovun “Heydər Əliyev və hüququ islahatlar”, müəllimi Rahim Məmmədovun “Heydər Əliyev beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyasının əsas müəllifidir” mövzularında edilmiş çıxışları dinlənilib.
“Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvü Zahid Vəliyevin “Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzasının ləğvi Ümummilli lider Heydər Əliyev humanizminin təntənəsidir” adlı çıxışı isə böyük maraqla qarşılanıb.
Seminar çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videoçarx seyr edilib. Tədbirin davamı olaraq seminar iştirakçıları Azərbaycan Gömrük Tarixi Muzeyi ilə yaxından tanış olublar. Sonda Dövlət Gömrük  Komitəsinin Akademiyasının qarşısında xatirə şəkili çəkilib.