Baş Prokurorluqda “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans keçirilib – 2023

Cari ilin mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvəti olan, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.
Cari ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin davamı olaraq, fevral 2-də məhz Ulu Öndər tərəfindən təsis edilmiş gənclər gününə həsr olunmuş Heydər Əliyev və Azərbaycan gəncliyi adlı konfrans keçirilmişdir.
Konfransda Bakı Dövlət və “ADA” universitetləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Akademiyalarının tələbələri, habelə Polis, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin Akademiyalarının kursantları iştirak etmişlər. Həmçinin tədbirə internet üzərindən online rejimində Naxçıvan Dövlət Universitetinin tələbələri və müəllim heyəti qoşulmuşlar. Ümumilikdə konfransda 200 nəfərə yaxın şəxs iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Elmi-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov konfrans iştirakçılarını salamlayaraq, gəncliyimizin yüksək intellektual biliyə, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsinə xidmət edən ölkəmizin gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri barədə məlumat vermişdir.
Konfransda Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov “Elm və təhsilin inkişafında Heydər Əliyevin əvəzolunmaz rolu”, şöbə rəisi Nigar Qələndərli “Heydər Əliyev-müasir gənclər siyasətinin banisi”, böyük prokuroru İradə Xəlilova isə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin xüsusi rolu” mövzularında məruzə ilə təqdimatlar etmişlər.
Millət vəkili Nizami Səfərov “Heydər Əliyevin hüquqi islahatlar strategiyası və beynəlxalq hüquq sisteminə inteqrasiya” mövzusunda çıxışında dünyanın ən nüfuzlu siyasətçilərindən olan Ulu Öndər Heydər Əliyevin ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında, eləcə də müasir hüquq sistemimizin formalaşdırılmasında müstəsna rolu barədə ətraflı məlumat vermişdir.
Millət vəkili Kamal Cəfərov “Gənclərin intellektual, fiziki və mənəvi inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxışında gənclərimizin həyatının bütün sahələrini əhatə edən Ümummilli Liderin gənclər siyasətinin müstəsna əhəmiyyəti barədə konfrans iştirakçılarını məlumatlandırmışdır.
Daha sonra “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Heydər Əliyev və vətəndaş cəmiyyəti”, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri İsaxan Vəliyev “Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin rəhbəri Seyfulla Aslanov “Müasir prokurorluğun inkişafında Heydər Əliyevin irsi”, birliyin idarə heyətinin üzvü Zahid Vəliyev “Gənclərin sosial rifahında Ümummilli Liderin müstəsna rolu” mövzularında çıxışlar etmişlər.
Konfransda gənc hüquqşünaslar tərəfindən də maraqlı çıxışlar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Azər Musayev “Dövlət başçısının səyi ilə cəmiyyətin müasir inkişaf mərhələsində gənclərin iştirakı” və Bakı Dövlət Universitetinin tələbəsi Həmidə Sadiqova “Ümummilli Liderin davamçısı cənab İlham Əliyevin  gənclərə münasibəti” mövzularında olduqca maraqlı və məzmunlu çıxışlar etmişlər.
Tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş etdirilmiş, Milli Aviasiya Akademiyasının istedadlı tələbələrindən ibarət özfəaliyyət qrupu tərəfindən milli vətənpərvərlik ruhunda mahnılar ifa edilmişdir. Tədbirin yekununda xatirə fotoşəkilləri çəkilmişdir.