Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanmışdır

Prokurorluq orqanları ilə ölkənin aparıcı ali təhsil müəssisələri arasında fəal əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, birgə elmi, tədris tədbirlərinin təşkili, gənc hüquqşünasların təhsilinə dəstək verilməsi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm tədbirlər davam etdirilir.
Ölkəmizin qabaqcıl ali təhsil ocağı olan, 1967-ci ildə əsası qoyulmaqla, 1990-cı ildən Naxçıvan Dövlət Universisteti kimi fəaliyyətini davam etdirən təhsil müəssisəsi ilə faydalı əməkdaşlıq xüsusi önəm kəsb edir. Belə ki, son illər ərzində NDU-nun hüquqşünaslıq ixtisası üzrə bitirmiş məzunları prokurorluq orqanlarına işə qəbulla bağlı təşkil edilən müsabiqələrdə uğurla iştirak edir, yüksək nəticələr göstərirlər.
21 sentyabr 2022-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin  əməkdaşlarından ibarət nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinə səfər etmişdir.
Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayevlə Mərkəzin rəisi Mübariz Əhmədov arasında keçirilmiş görüşdə Mərkəzin rəis müavini Talıb Cəfərov, şöbə rəisi Nigar Qələndərli, sektor müdiri Oktay Mirzəyev və Universitetin vəzifəli şəxsləri iştirak etmişlər. Bildirilmişdir ki, Naxçıvan Dövlət Universitetində 12 fakültədə (Tarix-filologiya, Beynəlxalq münasibətlər və hüquq, İqtisadiyyat və idarəetmə, Xarici dillər, Fizika-riyaziyyat, Memarlıq və mühəndislik, Təbiətşünaslıq və kənd təsərrüfatı, Tibb, Pedaqoji, İncəsənət fakültəsi, Xarici tələbələrlə iş üzrə dekanlıq və Magistratura mərkəzi) bakalavriat səviyyəsi üzrə 75 ixtisas, magistratura üzrə 85 ixtisaslaşma, doktoranturada 39 ixtisas və rezidentura üzrə 32 ixtisasda ümumilikdə 8000-ə yaxın, o cümlədən 9 ölkədən 1800 nəfərə yaxın xarici tələbə təhsil almaqdadır.
Görüş zamanı iki qurum üçün olduqca faydalı olan qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilmiş, gənc hüquqşünasların peşə hazırlığının təşkil edilməsi istiqamətində səylərin birləşdirilməsi qərara alınmışdır. Görüşün nəticələrinə uyğun olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Tədbir çərçivəsində Mərkəzinin  əməkdaşları Universitetin binası, o cümlədən tədris korpusları, auditoriyaları, kitabxanası, tələbə və müəllim heyətinin fəaliyyəti üçün yaradılan olduqca əlverişli və müasir şəraitlə yaxından tanış olmuşlar.
Tədbirin təşkilində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun rəhbərliyi, o cümlədən Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Pərviz Zülfüqarov və Kadrlar şöbəsinin rəisi Elçin Babayev yaxından iştirak etmişlər.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında imzalanmış bu memorandum birgə elmi konfransların, dəyirmi masaların, təlim kurslarının, seminar-treninqlərin təşkilinə və keçirilməsinə, elmi məqalələrin, vəsaitlərin və mətbu nəşrlərin hazırlanmasına, eləcə də NDU-da gənc hüquqşünasların hazırlanmasına mühüm töhfə verəcəkdir.