Hüquq fakültələrində təhsil alan tələbələri üçün “Açıq qapı günü”

Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq 19.04.2022 və 24.05.2022-ci il tarixlərdə Baş Prokurorluğun əsas inzibati binasında və yeni inzibati binalar kompleksində “Açıq qapı günü” keçirilib. Tədbirin məqsədi prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə gənc hüquqşünasları tanış etmək, onların prokurorluqda xidmət etmək marağının artırılması olmuşdur. Tədbirdə Bakı Dövlət və “ADA” universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya və Dövlət Gömrük Komitəsi akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələri iştirak edib.

Gənc hüquqşünaslara neoqotik üslubda inşa olunmuş Baş Prokurorluğun əsas inzibati binanın rəsmi olaraq dövlət əhəmiyyətli memarlıq abidəsi olması barədə məlumat verilib. Ekskursiya iştirakçıları Azərbaycan Prokurorluğunun Tarix muzeyində prokurorluğun tarixi keçmişini özündə əks etdirən ekspozisiyalar ilə tanış olub. Baş Prokurorluğun yeni inzibati binalar kompleksində olarkən tələbələr Elm-Tədris Mərkəzinin funksional təyinatı, auditoriya imkanları və texniki təchizatı ilə tanış olmuşlar, Baş Prokurorluğun kitabxanalarında olan nəşrlər barədə məlumat almışlar, Vətən Müharibəsi qalereyasına ekskurs etmişlər. Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Tədbirin təşkilində və keçirilməsində Elm-Tədris Mərkəzinin işçiləri yaxından  iştirak edərək, tədbir çərçivəsində Mərkəzin böyük prokuroru Nigar Qələndərli tələbələr qarşısında çıxış edib. Habelə, tədbir zamanı Baş Prokurorluğun bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müvafiq idarələrin fəaliyyəti barədə dinləyicilərə ətraflı məlumatlar verilib. Prokurorluq orqanlarında görülmüş işlərlə bağlı videoçarxı izlədikdən sonra gənc hüquqşünaslarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.