CM-in 208 və İXM-in 483-cü maddələri üzrə məsuliyyətə cəlb edilməsində yaranan suallara dair dəyirmi masa

Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş valyuta vəsaitlərinin xaricdən qaytarılmaması faktları ilə əlaqədar ibtidai araşdırma və inzibati icraat zamanı şəxslərin məsuliyyətə cəlb edilməsində yaranan suallara dair Baş Prokurorluqda dəyirmi masa keçirilmişdir
Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulmuş xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması cinayəti ölkəmizin valyuta sisteminin təhlükəsizliyinə təhdid yaradan ən təhlükəli cinayət əməllərinə aid olmaqla, ölkəmizin maddi sərvətlərinin xaricə axmasına zəmin yaradır. Bu qəbildən olan cinayət əməllərinin qarşısının alınması üçün aidiyyəti dövlət orqanları tərəfindən qətiyyətli addımlar atılmışdır. Eyni zamanda bu əməllər üzrə başlanmış cinayət işləri üzrə vahid istintaq təcrübəsinin formalaşdırılması üçün prokurorluq orqanları tərəfindən zəruri işlər görülmüş, o cümlədən “Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi) faktları üzrə aparılan araşdırmaya dair” Metodiki vəsait hazırlanmışdır.
Mövzunun aktuallığı ilə əlaqədar 2022-ci ilin 10 iyun tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində ibtidai araşdırma və inzibati icraat zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208 (xarici valyuta vəsaitlərini xaricdən qaytarmama cinayəti) və İnzibati Xətalar Məcəlləsinin 483-cü (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xətası) maddələrinin tətbiqi ilə bağlı yaranan suallara dair dəyirmi masa keçirilmişdir.
Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun rəhbərliyi ilə keçirilən tədbirdə ekspertlər qismində Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Pricewaterhousecoopers Azerbaijan MMC-nin, eləcə də Azərbaycan Respublikası Auditorlar palatasının peşəkar nümayəndələri iştirak etmişlər. Eyni zamanda, tədbirə dinləyicilər qismində Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının əməkdaşları cəlb edilmişlər.
Geniş müzakirələr, fikir mübadiləsi şəraitində keçən tədbirdə ekspertlərin məruzələri dinlənilmiş və mühüm praktiki əhəmiyyəti olan suallar cavablandırılmışdır. Tədbirin yekunlarına uyğun olaraq, bu sahədə səylərin birləşdirilməsi və müvafiq müzakirələrin işçi qaydada davam etdirilməsi qərara alınmışdır.