Elmi-tədqiqat sahəsində ölkə daxili əməkdaşlıq – 2022

Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə ölkəmizin aparıcı elmi və təhsil, eləcə də tədris müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün əməli addımlar atılmış, səmərəli əməkdaşlığı əhatə edən bir sıra memorandumlar imzalanmışdır.

Məsələn, 12.05.2022-ci ildə “ADA” Universiteti və Mərkəz arasında “Birgə əməkdaşlıq haqqında” Memorandum imzalanmışdır. Bu Memorandum hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və müəllimlərin Baş Prokurorluğun struktur bölmələrində və tabe prokurorluqlarda təcrübə keçməsi, birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir.

Dövlət Gömrük Komitəsinin sədrinin əmri ilə Mərkəzin rəisi Mübariz Əhmədov “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)” yubiley medalı ilə təltif olunmuşdur. 2022-ci ilin may ayının 4-dən 27-dək Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin Mərkəzdə elmi-tədqiqat təcrübəsinin keçməsi Mərkəzin böyük prokuroru Nigar Qələndərlinin rəhbərliyi ilə təmin edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair” imzalanmış Memoranduma əsasən təcrübə mübadiləsi məqsədilə Mərkəzin bir sıra tədris tədbirlərində Akademiyanın Hüquq kafedrasının müəllim heyətinin üzvləri müşahidəçi qismində iştirak etmişlər.
03.02.2022-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci fevralın 3-də Milli Məclisə qanunvericilik təşəbbüsü ilə müraciəti əsasında Şərqdə ilk olaraq – Azərbaycanda ölüm hökmünün ləğv edilməsi ilə əlaqədar “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyi ilə Mərkəzin birgə tədbiri keçirilmişdir. Tədbir çərçivəsində digər natiqlərlə yanaşı, Mərkəzin şöbə rəisi Talıb Cəfərov da çıxış etmişdir.

10.06.2022-ci ildə Mərkəzin təşkilatçılığı ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş valyuta vəsaitlərinin xaricdən qaytarılmaması faktları ilə əlaqədar ibtidai araşdırma və inzibati icraat zamanı şəxslərin CM-in 208 və İXM-in 483-cü maddələri üzrə məsuliyyətə cəlb edilməsində yaranan suallara dair Baş Prokurorluqda dəyirmi masa keçirilmişdir. Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə keçirilən tədbirdə ekspertlər qismində Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin, “PricewaterhouseCoopers (PwC) Azerbaijan” MMC-nin, eləcə də Azərbaycan Respublikası Auditorlar palatasının peşəkar nümayəndələri iştirak etmişlər. Tədbirə dinləyicilər qismində Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının əməkdaşları cəlb edilmişlər. Geniş müzakirələr, fikir mübadiləsi şəraitində keçən tədbirdə ekspertlərin məruzələri dinlənilmiş və mühüm praktiki əhəmiyyəti olan suallar cavablandırılmışdır.
17.06.2022-ci ildə “23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə əlaqədar Mərkəzin dəstəyi ilə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin təşkilatçılığı ilə “Müasir dövlət qulluğunda innovasiyalar və təcrübələr” adlı konfrans keçirilmişdir. Konfransda yuxarı prokurorluqların dövlət qulluqçuları iştirak edərək, tədbirin məqsədi yüksək mənəvi dəyərləri və xidməti fəaliyyətinin yüksəldilməsi, dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi istiqamətində  görülən işlər və təkliflərin dinlənilməsi olmuşdur. Digər natiqlərlə yanaşı, konfransda Mərkəzinin  şöbə rəisi Talıb Cəfərov, böyük prokuroru Nigar Qələndərli və baş məsləhətçisi  İlkanə Qasımova çıxış etmişlər. Konfransın sonunda maraq doğuran suallar ətrafında faydalı fikir mübadiləsi aparılaraq tədbir iştirakçılarına təşəkkürnamə təqdim edilmişdir.

06.05.2022-ci ildə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvlərinin və Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirdə Mərkəzin işçiləri iştirak edərək, şöbə rəisi Talıb Cəfərov “Heydər Əliyev – elm və təhsil” mövzusunda çıxış etmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair” imzalanmış Memoranduma əsasən təcrübə mübadiləsi məqsədilə Mərkəzin bir sıra tədris tədbirlərində Akademiyanın Hüquq kafedrasının müəllim heyətinin üzvləri müşahidəçi qismində iştirak etmişlər.
21 – 22 sentyabr 2022-ci ildə Mübariz Əhmədov, Talıb Cəfərov, Nigar Qələndərli və Oqtay Mirzəyev Naxçıvan Muxtar Respublikasına ezam olunaraq, Mərkəz və Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanmış və təcrübə mübadiləsi aparılmışdır.

29.09.2022-ci ildə Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya və Dövlət Gömrük Komitəsi Akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələri arasında “Hüquq viktorinası” adlı müsabiqə keçirilmişdir. İki mərhələdə (komanda və kapitan) olan müsabiqə zamanı komandalar arasında olduqca maraqlı yarışma aparılmışdır. Rəqabət şəraitində keçirilmiş müsabiqənin ilk mərhələsində Dövlət İdarəçilik Akademiyasının yığma komandası, kapitanlar yarışması mərhələsində isə Bakı Dövlət Universitetinin və Milli Aviasiya Akademiyasının tələbələri qalib gəlmişlər.
10.11.2022-ci ildə BDU-da keçirilmiş hüquq elmləri doktoru, professor mərhum Xələfov Məmməd Süleyman oğlunun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirdə Ramin Camalov iştirak etmişdir.
09.12.2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş “9 dekabr – Beynəlxalq korrupsiyaya qarşı mübarizə günü”nə həsr olunmuş dəyirmi masa çərçivəsində Talıb Cəfərov “Korrupsiyaya qarşı mübarizədə etik davranış qaydaları” mövzusunda çıxış etmişdir.

27.12.2022-ci ildə DİN-nin Polis Akademiyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunmuş “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda Talıb Cəfərov və Rəşad Qasımov iştirak edərək, sonuncu “Milli və beynəlxalq müstəvidə mənzil toxunulmazlığı hüququnun qorunması” mövzusunda çıxış etmiş və konfrans materiallarında dərc olunması üçün onun məqaləsi təqdim edilmişdir.