ŞURANIN FƏALİYYƏTİ

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 10-cu iclasında elektron cinayət təqibinin xüsusiyyətləri müzakirə obyekti olub

2024-cü ilin fevral ayının 29-da hüquq ictimaiyyəti üçün önəmli olan aktual mövzuların müzakirəsinə hər zaman üstünlük verən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 10-cu iclası keçirilib.
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə keçirilən iclasda müxtəlif dövlət orqanları nümayəndələri, aparıcı ali təhsil müəssisələri, ixtisaslaşmış akademiya və elm ocaqlarını təmsil edən görkəmli hüquqşünaslar iştirak edib.
Elmi-Məsləhət Şurasının katibi olan Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli tərəfindən iclasın tərkibi və proqramı haqqında məlumat verdikdən sonra iclas öz işinə başlayıb.
Giriş nitqi ilə çıxış edən Baş prokuror 2024-cü ilin fevral ayınının 7-də keçirilən azad, ədalətli, şəffaf və bütün beynəlxalq standartlara cavab verən növbədənkənar prezident seçkiləri və Müzəffər Ali Baş Komandan İlham Əliyevin seçkidə parlaq qələbəsindən söz açaraq, bu zəfərin yeni dövrdə ölkəmizdə bütün sahələrdə elmi-texnoloji inkişafa, müasir texnologiyaların tətbiqinin genişləndirilməsinə böyük təkan olacağını diqqətə çatdırıb.
Vurğulanıb ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və dünyanın ən aktual bəşəri problemlərinin müzakirə edildiyi mühüm beynəlxalq platforma olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir.
Bundan başqa, müasir dövrün tələblərinə uyğun olaraq cinayət təqibinin üsul və vasitələri, cinayət prosesi və onun tərkib hissəsi kimi cinayət ədalət mühakiməsinin rəqəmsallaşmaya məruz qalmasını nəzərə alaraq, elektron cinayət təqibinin xüsusiyyətlərinin müzakirəsi və bu sahədə müvafiq təkliflərin hazırlanmasının zəruriliyi qeyd olunub.
Daha sonra “Elektron cinayət təqibinin tətbiqi ilə bağlı qanunvericiliyin, hüquq tətbiqi təcrübəsinin hazırki vəziyyəti və qarşıda duran vəzifələr” mövzusu üzrə Baş Prokurorluğun idarə rəisi Tural Aslanov çıxış edib. Tədbirin gedişində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşları Nigar Əskərova “Elektron cinayət təqibinin tətbiqi ilə bağlı xarici ölkələrin təcrübəsi” mövzusunda, Rəşad Qasımov “Azərbaycanda elektron cinayət təqibinin tətbiqi ilə bağlı təkliflər” mövzusunda və şöbə rəisi Əmir Ocaqverdiyev “Cinayət təqibi zamanı blokçeyn texnologiyalarının tətbiqi imkanları” mövzusunda çıxışlar etmişlər, qaldırılan məsələyə Şura üzvlərin rəyləri və təklifləri dinlənilmişdir.
İclas çərçivəsində həmçinin Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin hazırladığı “Cinayət aktivlərinin aşkarlanması, izlənməsi və bərpası” və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qanunvericilik və istintaq təcrübəsi” adlı metodik vəsaitlərin təqdimatı keçirilmişdir.
Tədbirin sonunda Baş Prokurorluğun idarə rəisi Elnur Musayev tərəfindən “Azərbaycan Prokuroru” elmi jurnalının ikinci buraxılışı haqqında Elmi-Məsləhət Şurasının üzvlərinə məlumat verilmişdir.
Qeyd edilməlidir ki, bu mətbu nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə dərc olunur.