ŞURANIN FƏALİYYƏTİ

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 9-cu iclasının müzakirəsinə Mərkəzin hazırladığı metodik vəsaitlər təqdim edilib

2023-cü ilin dekabr ayının 14-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının 9-cu iclası keçirilmişdir. İclasda Şura üzvləri ilə yanaşı, Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti iştirak etmişdir.
Elmi-Məsləhət Şurasının katibi Nigar Qələndərli tərəfindən iclasın tərkibi və proqramı haqqında məlumat verdikdən sonra iclas öz işinə başlamışdır.
İclasda giriş nitqi ilə çıxış edən Baş prokuror müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, mübariz xalqımızın dəstəyi ilə rəşadətli ordumuz tərəfindən ölkə suverenliyinin bütün ərazilərimizdə bərpa olunduğunu, üç rəngli bayrağımızın Xankəndi şəhərimizdə dalğalanması ilə əbədiyyət qazandığını, genişmiqyaslı quruculuq və yenidənqurma işlərinin artıq Xankəndi, Ağdərə, Əsgəran və digər yaşayış məntəqələrini əhatə etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclas çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış “Həkim səhvləri ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi” adlı metodik vəsaitin təqdimatı Mərkəzin rəis müavini Talıb Cəfərov tərəfindən, iki dildə (azərbaycan və rus) hazırlanmış “Azərbaycan Respublikasının Prokurorluğunda kriminoloji proqnozlaşdırma metodologiyasına yanaşma” adlı metodik vəsaitin təqdimatı isə Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova tərəfindən keçirilmişdir. 
Həmçinin iclasda “Sübutetmə yükünün ötürülməsi”, “Azyaşlıların hüquqlarının müdafiəsində prokurorun iştirakı”, “Həkim səhvi, habelə digər peşə sahibləri tərəfindən yerinə yetirilən işlər və xidməti vəzifələrinin icrası ilə əlaqədar yol verilən cinayət əməlləri ilə bağlı cinayət təqibi üzrə əməlin tövsifi problemləri” və sair mövzularda çıxışlar dinlənilmişdir.
Maraqlı müzakirə şəraitində keçirilmiş iclas zamanı istintaq-məhkəmə, habelə cinayət təqibindən kənar fəaliyyət təcrübəsindən irəli gələn aktual məsələlər üzrə aparılmış geniş fikir mübadiləsində Şura üzvləri ilə yanaşı, qonaqlar da iştirak etmişlər.
İclasda qərara alınmışdır ki, təqdimatı keçirilmiş metodik vəsaitlərin təcrübədə istifadəsi əhəmiyyətli olduğundan həmin nəşrlər daha çox dərc edilərək müvafiq qurumlara təqdim edilsin.
Həmçinin iclasda səslənən fikir və tövsiyələr əsasında qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, həmin təkliflərin münasibət bildirilməsi üçün aidiyyəti qurumlara göndərilməsi məqsədəuyğun hesab edilmişdir.