KATİBLİK

Azərbaycan Respublikasının prokurorluq orqanlarında 2022-ci ilin yekunlarına əsasən “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqəsi keçirilib

Prokurorluq orqanları tərəfindən məhkəmələrdə dövlət ittihamının müdafiəsi və məhkəmə qərarlarının icrası qaydasında icraatda iştirak üzrə fəaliyyətinin keyfiyyətinin daha da yaxşılaşdırılması, işin səmərəliliyinin artırılması, prokurorluq işçilərinin peşəkarlıqlarının, motivasiyalarının yüksəldilməsi, müsbət iş təcrübəsinin yayılması, kadr ehtiyatının formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun 21.12.2021-ci il tarixli 15/24 №-li əmri ilə təsdiq edilmiş Təlimata uyğun olaraq 2022-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarında “İlin ən yaxşı dövlət ittihamçısı” adlı növbəti müsabiqə keçirilib.
İki mərhələdən ibarət müsabiqənin ilk mərhələsi Baş Prokurorluğun struktur qurumlarının rəhbərləri tərəfindən keçirilməklə, müsabiqəsinin ikinci mərhələsində iştirak etmək üçün namizədlər seçilmiş və bununla bağlı müvafiq məlumatlar təqdim edilmişdir.
Müsabiqənin ikinci mərhələsi isə Baş prokurorun müvafiq əmri ilə yaradılmış Baş prokurorun müavini Heydər Məmmədovun sədrliyi və Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərovanın katibliyi ilə Müsabiqə Komissiyası tərəfindən həyata keçirilmişdir.
Müsabiqənin ikinci mərhələsində Komissiyanın iclaslarında namizədlərin göstəriciləri, o cümlədən icraatında yekunlaşmış işlərin və verilmiş protestlərin sayı, qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı verilən rəy və təkliflər, hüquqi maarifləndirmə sahəsində fəaliyyət üzrə göstəriciləri, habelə digər göstəriciləri komissiyanın sədri və üzvləri tərəfindən təhlil edilib qiymətləndirilərək onların arasından gizli səsvermə yolu ilə daha üstün göstəricilərə malik namizəd qalib hesab olunmuş, habelə 2 və 3-cü yerləri tutan şəxslər müəyyənləşdirilmişdir.
Müsabiqənin yekunu üzrə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (Gəncə Ağır Cinayətlər Məhkəməsi üzrə) Rəhimov Müşfiq Rəhim oğlu müsabiqənin qalibi hesab olunaraq “İlin ən yaxşı dövlət ittihamçısı” seçilmiş, Cinayət təqibindən kənar icraatlar üzrə fəaliyyətə təhkim olunmuş Tovuz rayon prokurorunun köməkçisi Quliyev Məzahir Məhəmməd oğlu 2-ci, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apelyasiya Məhkəməsi üzrə prokuroru Rizvanov Qalib Arif oğlu isə 3-cü yerə layiq görülmüşdür.
15 fevral 2023-cü il tarixdə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilmiş mərasimdə müsabiqə qaliblərinə təntənəli qaydada müvafiq diplomlar təqdim edilmişdir.