KATİBLİK

Etik Davranış Komissiyasının fəaliyyəti – 2021

Etik Davranış Kodeksinin təkmilləşdirilməsi

Baş Prokurorluğunun Fəaliyyət planının 15-ci bəndində nəzərdə tutulmuş tədbirin icrası çərçivəsində Azərbaycan Prokurorluğunun Etik Davranış Kodeksinin təkmilləşdirilməsi istiqamətində bir çox təklif irəli sürülmüşdür. Xüsusən də Kodeksdə sadalanan prinsiplərin məzmununa görə sistemləşdirilməsi; onların sırasına vətəndaşların məlumatlandırma prinsipinin əlavə edilməsi; süründürməçilik hallarına yol verilməməsinin, şəxslərin qəbulundan əsassız imtina edilməməsinin, şəxsin aidiyyəti üzrə müraciət etməsinin doğru yönəldilməsinin Kodeksə daxil edilməsi; intizam tənbehini əsaslandıran və ya aradan qaldıran halların Kodeksdə qeyd olunmasını; vəzifə borcunu yerinə yetirərkən əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə görə hər hansı şəxsin üstünlüyünə yol verilməməsinin, xidməti telefon vasitəsi ilə daxil olan zənglərə və ya elektron qaydada daxil olmuş müraciətlərə cavab verilməməsinin, telefonla və ya şəxsən danışarkən qeyri ədəbi jarqon tipli ifadələrdən istifadə olunmamasının, xidməti otaqda dost və ya tanış şəxslərin mütəmadi qəbul olunmamasının Kodeksə əlavə edilməsi və sair.
24.12.2021-ci ildə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq qurumlarının əməkdaşlarının iştirakı ilə “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi”nin tətbiqinin dövri ümumiləşdirilməsi, habelə təkmilləşdirilməsi məsələlərinin müzakirəsi barədə dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada ilk öncə iştirakçılara prokurorluq əməkdaşlarının xidməti və xidmətdən kənar davranışlarının tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun 08.02.2008-ci il tarixli geniş Kollegiya iclasında qəbul edilmiş “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi” və onun tətbiqi ilə bağlı məlumat verilmişdir.  Daha sonra isə,  Azərbaycan Respublikası Baş prokurorunun 05.08.2020-ci il tarixli əmri ilə prokurorluğun tarixində ilk dəfə olaraq ad hoc qurum olaraq təsis edilmiş Etik Davranış Komissiyasının fəaliyyət göstərdiyi gündən hazıradək icraatına daxil olmuş və baxılmış materiallar üzrə prokurorluq işçiləri tərəfindən vəzifələri ilə bir araya sığmayan fəaliyyətlə məşğul olma və ya belə hərəkətlərə yol vermə halları, Etik Davranış Kodeksinin tətbiqi təcrübəsi, o cümlədən Komissiyada qəbul edilmiş  qərarların təhlili tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Tədbir çərçivəsində prokurorluq əməkdaşlarının etik davranış qaydalarının nəzəri və tətbiqi əsaslarının təhlili, mövcud milli və beynəlxalq təcrübə öyrənilməklə bu sahədə işin təkmilləşdirilməsi istiqamətində Elm-Tədris Mərkəzinin təklifləri təqdim edilmiş, sonra isə digər qurumların əməkdaşlarının bu sahədə təklifləri dinlənilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.