METODİKİ İŞ

“Azərbaycan Respublikasında prokurorun hüquqi statusu”

“Azərbaycan Respublikasında prokurorun hüquqi statusu” adlı kitabBaş prokuror cənab Kamran Əliyev tərəfindən təsdiq edilmiş Elm-Tədris Mərkəzinin İş planının icrası nəticəsində ərsəyə gəlmişdir.
Bu nəşr zəruri struktur elementlərdən ibarət olmaqla, əsas mətni 5 fəslə və 41 bəndə bölünüb.
Kitabın giriş hissəsində Azərbaycan Prokurorluğunun inkişafında ilk öncə Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş hüquqi islahatların əhəmiyyəti, prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rolu xüsusi vurğulanır. Həmçinin prokurorun statusuna dair hüquq sahəsində alimlərin fikirləri və bilgiləri əks etdirilir.
Prokurorun hüquqi statusu onun hüquq subyektliyindən, qanunla müəyyən edilmiş hüquqlarından, vəzifələrindən və onların təminatlarından, habelə öz vəzifələrini yerinə yetirməməsinə görə məsuliyyətdən ibarətdir.
Hazırkı kitabda həm prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi aktlara, həm də Azərbaycanda prokurorun hüquq və vəzifələrinin həyata keçirilməsinin praktiki tərəfinə xüsusi yer ayrılmışdır.
Ona görə, kitabın əsas mətninin birinci hissəsi tədqiqat obyekti olmuş Azərbaycan Respublikasında prokurorun statusunu, qanunvericilik sistemində prokurorluğun yerini, prokurorun müxtəlif sahələrdə fəaliyyətinin hüquqi əsaslarını, o cümlədən prokuror nəzarətinin və prosessual rəhbərliyinin həyata keçirilməsinin xüsusiyyətlərini əhatə edir. Bu kontekstdə Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunların və digər normativ hüquqi aktların tələbləri nəzərdən keçirilmiş, hüquq sahəsində alimlərin fikirləri nəzərə alınmışdır.
Azərbaycan Respublikasında prokuror statusunun səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, prokuror məhkəmədə dövlət ittihamının müdafiəsini təmin etmək və nəzarət funksiyalarını həyata keçirməklə yanaşı, cinayət işləri üzrə ibtidai istintaqa prosessual rəhbərlik vəzifələrini də yerinə yetirir.
Prokuror nəzarətinin və prosessual rəhbərliyinin xüsusiyyətlərinə aydınlıq gətirən müəlliflər Cinayət-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinin, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun və digər normativ hüquqi aktların müddəalarını əsas götürmüşlər.
Kitabda Azərbaycan Prokurorluğunun sistemi, onun təşkili, qurum və struktur bölmələrinin funksional imkanları, onların tarixçələri, daxili strukturları, fəaliyyət istiqamətləri və digər əhəmiyyət kəsb edən məlumatlar öz əksini tapıb.

 

 

Baş Prokurorluğun struktur qurumlarının fəaliyyətinə toxunan müəlliflər, hər bir idarə və şöbələrin əsas vəzifələri və funksiyaları, eləcə də onların daxili strukturu barədə qısa məlumat vermişlər.
Kitabın əsas mətni Azərbaycan Respublikası Prokurorluğunun müasir mərhələdə əldə etdiyi nailiyyət və uğurların ətraflı təqdimatı ilə yekunlaşır.

 

 

Kitabın informativ xarakterli olması, eləcə də xarici dildə (rus dilində) hazırlanması ondan xarici tərəfdaşların Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyəti ilə tanış olması məqsədilə istifadəsini mümkün edir.