METODİKİ İŞ

“Jurnalistlər üçün hüquqi terminlər lüğəti” adlı kitab

Baş Prokurorluğun mətbəəsində çapdan çıxmış “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” adlı kitab ölkəmizin media işçilərinə sayca üçüncü hədiyyəsidir. Bu adda hazırlanmış kitabın ilk nəşri 2005, sonrakı təkmilləşdirilmiş versiyası isə 2010-cu ildə işiq üzü görərək jurnalistlərə təqdim edilmiş və media ictimaiyyətində geniş əks-səda doğurmuşdur.
Media sahəsində yeni reallıqların yaranması, demokratik prinsiplərlə fəaliyyət göstərən milli medianın inkişafı və bu reallığın “Media haqqında”  30 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunun qəbul edilməsini zərurətinə çevirməsi, eyni zamanda prokurorluq orqanları ilə media arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi önəm veriliməsi kimi faktorlar bu gün “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” adlı kitabın növbəti təkmilləşdirilmiş versiyasının ərsəyə gəlməsinə zəruri şərait yaratmışdır.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən  təkmilləşdirilmiş Lüğətin yeni redaksiyası əvvəlki nəşrlərdən əhəmiyyətli dərəcədə fərqlənir. 1 (bir) cild, 808 səhifədən ibarət kitab iki hissədə olan əsas mətndən ibarətdir. Əhəmiyyətli dərəcədə təkmilləşdirmə nəticəsində kitaba 350-dək yeni hüquqi termin əlavə edilmiş, mövcud olmuş 550-dək terminə isə əlavə və dəyişikliklər edilmişdir. Bütövlükdə isə nəşr 3389 termindən ibarətdir. Həmçinin media nümayəndələrinin fəaliyyətində istifadə olunan yeni mühüm qanunvericilik aktlarından çıxarışlar da bu kitabda öz əksini tapmış və qanunvericilikdə baş vermiş dəyişikliklərə uyğun olaraq kitabda olan normativ hüquqi aktlara düzəlişlər edilmişdir.

Media təmsilçilərinin peşə fəaliyyətində qarşılaşdlqları yaradıcılıq xüsusiyyətlərini özündə daha dolğun şəkildə əks etdirən kitabın əsas mətninin birinci hissəsində Azərbaycan Respublikasının Konstitusiyasından, məcəllə və qanunlardan çıxarışlar, Azərbaycan jurnalistlərinin etik davranış qaydaları, eləcə də ölkəmizin informasiya sahəsində milli maraqlarının təmin olunması və bu sahədə olan təhdidlərlə bağlı bəzi tövsiyələr yer almışdır. Lüğətin əsas mətninin ikinci hissəsində əlifba sırası ilə hüquqi terminlər və onların izahı verilmişdir.
Qanunvericilik inkişaf edərək çoxsaylı dəyişikliklərə uğramış, mediasiya, probasiya, publik hüquqi şəxslər və sair kimi yeni hüquq institutlar yaradılmış, yeni qanunvericilik aktları və məcəllələr  qüvvəyə minmişdir. Bunlara misal olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 may 2022-ci il tarixli fərmanı ilə təsis edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsi və digər təsislatları göstərmək olar.
Bütün bu dəyişikliklər isə təqdim olunan lüğətdə öz əksini tapmışdır. Belə ki, redaksiya heyəti tərəfindən nəşr hazırlanarkən əvvəlki terminlərin hər biri ayrılıqda ən son  qanunvericiliyə uyğunluğu baxımından diqqətlə öyrənilmişdir. Bunun nəticəsidir ki, 550 termin dəyişikliyə uğramışdır.
Bundan əlavə cənab Baş prokuror cənab Kamran Əliyevin bilavasitə təşəbbüsü ilə dövlətçilik təsisasatları, yeni çağrışlarda ölkəmizin iştirakına dair müxtəlif prioritet sahələrə dair terminlər kitaba daxil edilməklə onu daha da zənginləşdirmişdir. Kitabda həmçinin hüquqi terminlərlə yanaşı bəzi tarixi-hüquqi, milli və mədəni dəyərlərimizlə bağlı terminlərə də yer ayrılmışdır.