METODİKİ İŞ

“Maddi sübutların götürülməsi və qablaşdırılması taktikası və götürülmüş maddi sübutlarla bağlı ekspertiza növlərinin təyini məsələlərinə dair” müstəntiqin məlumat kitabçası

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin 2020-ci ilin ikinci yarımilinə dair İş planının 4-cü bəndinə əsasən “Maddi sübutların götürülməsi və qablaşdırılması taktikası və götürülmüş maddi sübutlarla bağlı ekspertiza növlərinin təyini məsələlərinə dair Müstəntiqin məlumat kitabçası” adlı metodik vəsait (bundan sonra – Metodik vəsait) Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Əsgərov Elxan Yusif oğlu tərəfindən müvafiq Qaydaların tələblərinə uyğun olaraq hazırlanmışdır. Belə ki, Qaydaların 3.1-ci bəndinə uyğun olaraq bu vəsaitin hazırlanması üçün təşəbbüs prokurorluğun struktur qurumu olan Mərkəz tərəfindən göstərilmiş; Qaydaların 3.3-cü bəndi nəzərə alınaraq, prokurorluğun fəaliyyət istiqamətləri üzrə yol verilən xarakterik nöqsan və çatışmazlıqların, habelə prokurorluq işçilərinin mütəmadi rastlaşdıqları çətinliklərin aradan qaldırılması üsul və qaydalarına həsr olunmuş müasir elmi və praktiki nailiyyətlərin tətbiqini nəzərdə tutan mövzuya üstünlük verilmiş; Qaydaların 4.1-ci bəndinə əsasən Metodik vəsaitin hazırlanması üçün tələb olunan ədəbiyyat və digər məlumat mənbələrinin dairəsi müəllif tərəfindən müəyyən edilmişdir.
Metodik vəsait 1 (bir) cild, 164 səhifədə olmaqla, üzlükdən, titul vərəqindən, annotasiyadan, ön sözdən, girişdən, əsas mətndən, istifadə olunmuş ədəbiyyatın siyahısından, mündəricatdan və son səhifədən ibarətdir. Əsas mətn 2 fəslə, 8 bəndə və alt bəndlərə bölünmüşdür:

  • I fəsil kriminalistik-texniki vasitələrin tətbiqinə və izlərin təsnifatlaşdırılmasına dair metodoloji bilgilərdən;
  • II fəsil isə cinayətin izlərinin və onları əks edən obyektlərin götürülmə və qablaşdırılma qaydalarına, eləcə də onlar üzrə məhkəmə ekspertizaların təyin edilməsinə dair tövsiyələrdən bəhs edir.

Metodik vəsaitin I fəslində kriminalistika texnikasının törədilmiş cinayət hadisəsi ilə bağlı məlumatların aşkar olunması, götürülməsi, qeyd edilməsi, toplanmış məlumatların tədqiq edilməsi, həmçinin cinayətin qarşısının alınması məqsədilə elmi-texniki vasitələrin işlənib hazırlanması haqqında nəzəri müddəalar və təkliflər irəli sürülmüşdür. Bundan əlavə, müəllif kriminalistika elmində izin dar və geniş anlayışının incəliklərinə xüsusi diqqət ayırmış və izlərin kriminalistik təsnifat sisteminin kriminalistika nəzəriyyəsində və cinayətlərin istintaq təcrübəsində mühüm rolunu qeyd edərək bu mövzunu ətraflı işıqlandırmışdır.
Metodik vəsaitin II fəsli 8 bənddən ibarət olmaqla (Meyit üzərindən götürülən obyektlər; Ənənəvi obyektlər; Bioloji mənşəli obyektlər; Odlu silahın tətbiqi izləri; Partlayış hadisələri üzrə obyektlər; Yanğın hadisələri üzrə obyektlər; Digər obyektlər; Məhkəmə ekspertizalarının təyin edilməsi) mühüm praktiki əhəmiyyət daşıyır. Burada, əsasən Metodik vəsaitin təyinatına uyğun olaraq, hadisə yerində aşkar edilmiş izlərin və müxtəlif mənşəli obyektlərin götürülməsi və qablaşdırılması taktikası, bu zaman keçirilməsi vacib olan ekspertizaların növləri və onların ardıcıllığı öz əksini tapmışdır. 8-ci bənddə hətta ekspertizalar üzrə qoyulası sualların dairəsi və ekspertlərin sərəncamına təqdim olunası sənədlər və maddi sübutlar göstərilmişdir. Eyni zamanda Metodik vəsaitdə təcrübədə cinayət izlərinin götürülməsi və qablaşdırılmasında yol verilən, bu səbəbdən izlərin itirilməsinə gətirib çıxaran nöqsanlar öz əksini tapmışdır.
Metodik vəsait daimi yenilənən elmi və praktiki nailiyyətləri, texnologiyaların tətbiqini özündə ehtiva etməklə yanaşı, həmçinin müəllifin uzun illər ərzində prokurorluq orqanlarında çalışmış və cinayət işlərin istintaqının aparılmasında zəngin təcrübəsini əks etdirir.
Məlumat kitabçasının təcrübədə istifadə olunması müvafiq sahəyə müsbət təsir göstərəcəyi üçün bu vəsait çap olunub istifadəyə verilmişdir.