TƏDQİQATLAR

Həkim səhvləri ilə bağlı məlumatlar üzrə araşdırma vəziyyəti təhlil olunub

Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilmiş Elm-Tədris Mərkəzinin 2023-ci ilin ikinci yarımilinə dair İş planına əsasən həkim səhvi ilə əlaqədar cinayətlər haqqında məlumatların araşdırılması zamanı metodik tələblərə əməl olunması vəziyyəti təhlil edilmişdir.
Təhlil Mərkəzin rəisi Mübariz Əhmədovun rəhbərliyi ilə Mərkəzin əməkdaşları Talıb Cəfərov, Nigar Əskərova, Rauf Abdullayev, Ruslan Ağayev və Məhərrəm Əzizbəyov tərəfindən aparılmışdır. Müəllif kollektivinin əməyi nəticəsində ərsəyə gələn təhlilin yekunu üzrə sənəddə ilk öncə əhalinin sağlamlığının qorunmasının hüquqi əsasları, o cümlədən bu sahədə milli qanunvericilik, klinik protokollar və beynəlxalq sazişlər göstərilib.
Tibbi yardım göstərilməsi cinayət hüququnun müstəvisində analiz olunarkən, qədim dövrlərdə həkim səhvlərinə yanaşma, bu sahədə milli və xarici ölkələrin cinayət qanunvericiliyi (ABŞ, İngiltərə, Almaniya, İsveçrə, Fransa, BƏƏ, Çin, Koreya, Yaponiya, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və digər) təhlil obyekti olub.
Həkim səhvləri ilə bağlı yerli mediada dərc edilmiş rezonanslı məlumatlara toxunan müəlliflər, ölkəmizdə bu cür məlumatların araşdırılması vəziyyətini, təhlillə müəyyən edilmiş empirik faktları və risk göstəriciləri üstün olan tibb müəssisələrini diqqətə çatdırmışlar.
Həmçinin təhlilin yekunu üzrə arayışda həkim səhvləri ilə bağlı məlumatların araşdırılması metodikası açıqlanaraq, araşdırma aparılmasına, ekspertiza keçirilməsinə və tövsif məsələlərinə dair ümumilikdə 35 metodiki tövsiyə yer alıb.
Təhlillə əldə edilmiş məlumatlar kriminoloji və metodoloji əhəmiyyət kəsb etdiyindən, təhlil materialları əsasında metodik vəsaitin hazırlanması qərara alınmışdır.
Eyni zamanda xarici ölkələrin qabaqcıl təcrübəsinin milli qanunvericiliyə tətbiqinin mümkünlüyü nəzərə alınaraq, təhlil nəticəsində ölkəmizin cinayət qanunvericiliyinin təkmilləşdirilməsi üzrə bir sıra təkliflər irəli sürülüb.
O cümlədən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə aşağıdakı redaksiyada yeni 142-1-ci maddə əlavə edilə bilər:

 

Maddə 142-1. Tibbi yardım göstərilməsi qaydalarını pozma
142-1.1. Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq tibbi yardım göstərməsi borclu olan tibb və əczaçılıq işçisi tərəfindən işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində xəstənin sağlamlığına ağır zərər vurma –
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
142-1.2. Eyni əməllər nəticəsində iki və daha çox şəxsin sağlamlığına ağır zərər vurma –
beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
142-1.3. Eyni əməllər şəxsin ölümünə səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
142-1.4. Eyni əməllər iki və daha çox şəxsin ölümünə səbəb olduqda –
beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.