TƏDQİQATLAR

Azərbaycan Prokurorluğunun fəaliyyətində kriminoloji metodların tətbiqi tədqiqat obyekti olub

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin 2023-cü ilin ikinci yarımilinə dair İş planına əsasən “Kriminoloji proqnozlaşdırma metodologiyasına ümumi yanaşmalar” mövzusunda elmi tədqiqat aparılıb.
Plan tədbirin icrası çərçivəsində ilk öncə kriminologiya sahəsində hüquq alimlərinin yeni elmi əsərləri və tərəfdaşların təcrübələri öyrənilmiş, prokurorluqda tətbiq edilən və ya tətbiqi mümkün olan kriminoloji metodlar nəzərdən keçirilmişdir. Tədqiqat zamanı dünya şöhrətli alimlərin düşüncələri ilə yanaşı, görkəmli Azərbaycan kriminoloqların fikirlərindən də istifadə edilib.
Tədqiqatın yekunu üzrə Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov, Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova, Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin prokuroru Rauf Abdullayev tərəfindən hazırlanmış “Azərbaycan Prokurorluğunda kriminoloji proqnozlaşdırma metodologiyasına yanaşma” mövzusunda sənəd zəruri bölmələrdən ibarətdir, əsas mətni isə 2 fəslə və 15 bəndə bölünüb.

 

 

Sənəddə kriminologiyaya qısa ekskurs edilərək, əhəmiyyətli kriminoloji hallara və metodlara toxunulur; kriminoloji məlumatların düzgün qiymətləndirilməsi qaydasına izah verilir; kriminoloji situasiyalara və cinayətkarlığın profilaktikasına münasibət bildirilir. Eyni zamanda Azərbaycan Respublikası prokurorluq qurumlarının fəaliyyətinin təhlilində kriminoloji statistikanın tətbiqi məsələləri göstərilmiş; cinayətin törədilməsinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması vəzifəsinə aydınlıq gətirilmiş; cinayətlərin təsnif və yayılma dərəcəsinin müəyyən edilməsi, habelə kriminoloji təhlillərdə əlaqəli sahələrin göstəricilərinin istifadə olunması qaydaları izah edilmişdir. Bundan başqa, tədqiqat üzrə yekun sənəddə Azərbaycan Respublikasında zorakı cinayətkarlığın vəziyyəti və onun profilaktikası məsələləri, inzibati ərazi vahidlərində qanunçuluq vəziyyətinin analizi, cinayətkarlığa əks təsir və qanuniliyin möhkəmləndirilməsi üzrə tədbirlər qeyd olunub. Həmçinin bu sənəddə Mərkəzin elmi-nəzəri və praktiki tədqiqatların aparılması funksiyasının həyata keçirilməsində formalaşmış təcrübəsi yer alıb.

 

 

Ümumiyyətlə sənəddə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun illüstrasiya, cədvəl və qrafiklərlə zəngindir.
Bu sənəd elmi-kriminoloji xarakter daşımaqla yanaşı praktiki əhəmiyyət kəsb etdiyi üçün onun əsasında kitab dərc olunması planlaşdırılır. Belə ki, tərkibində olan kriminoloji misallar, düsturlar, məsələlər və onların həlli qaydaları – prokurorluq qurumları tərəfindən cinayətkarlığın vəziyyətinin analizi üçün istifadəsini mümkün edir.
Eyni zamanda, tədqiqatın yekunu üzrə hazırlanmış bu sənəd rus dilinə tərcümə olunaraq, birgə elmi tədqiqatda istifadə edilməsi üçün imzalanmış əməkdaşlıq haqqında memoranduma əsasən Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyasına təqdim edilib.