TƏDQİQATLAR

Xidməti və xidmətdən kənar vaxtlarda, xüsusən də sosial şəbəkələrdən istifadə zamanı prokurorluq işçilərinin davranış qaydalarını tənzimləyən beynəlxalq təcrübənin təhlili

Baş Prokurorluğun Kollegiyasının 27 dekabr 2022-ci il tarixli 06№-li Qərarının 8-ci bəndinə əsasən, xidməti və xidmətdən kənar vaxtlarda, xüsusən də sosial şəbəkələrdən istifadə zamanı prokurorluq işçilərinin davranış qaydalarını tənzimləyən beynəlxalq təcrübənin öyrənilməsi və təhlil aparılması nəzərdə tutulmuşdur. Odur ki, etik davranış qaydalarının fəlsəfəsi, əhəmiyyəti, pozuntu hallarının ziyan vurduğu ictimai münasibətlər, mənfi təzahürlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər, etik davranış qaydaları üzrə ümumbeynəlxalq və müxtəlif xarici ölkələrin təcrübələri, həmçinin ölkədaxili təcrübələr, yeni xüsusiyyətlər ümumiləşdirilmişdir.
Etik davranış qaydaları nəyi ehtiva edir?– Etika qədim yunan sözü olub “əxlaq”, “ənənə” mənası verir. Eradan əvvəl etikanı fəlsəfi mənəviyyat da adlandırmışlar. Etik davranış qaydalarının fərqli özəlliyi də məhz ondan ibarətdir ki, bu məfhum üzrə real elementlərlə yanaşı fəlsəfi mənəviyyat elementləri də mövcuddur ki, bu da onun dairəsini genişləndirir. Odur ki, etika yalnız fəlsəfə olaraq qalmamış, praktik olaraq da inkişaf etmişdir, çünki davranışla birbaşa əlaqəli olduğundan münasibətlərin hər bir anına sirayət edir. Etikanın mahiyyəti onun fəlsəfi sualında gizlənmişdir.
Nədir etikanın fəlsəfi sualıMən bu situasiyada necə davranmalıyam və bu davranışı özümə də rəva bilirəmmi? Elə bir situasiya ola bilər ki, həmin situasiyada necə davranılması barədə anında qərar verilməsi mümkün olmaz və qeyri-müəyyənlik yarana bilər. Bu zaman nə etməli? Belə bir müdrik deyim var – Necə davranacağını bilmirsənsə, insani davran. Bu, etikanın qızıl xəttini müəyyən edir.   
Etik davranış qaydalarının əhəmiyyəti nədədir? - Geniş fəlsəfi elementlərə malik olduğu üçün etik davranış qaydaları yaradılışın başlanğıc nöqtələrində yer tutur və bu səbəbdən də istənilən mənfi və ya müsbət təzahürün yaranmasında birbaşa rola malikdir. Ona görə də hər hansı hüquqi aktda təsbit olunub-olunmamasından asılı olmayaraq etik dəyərlərə malik olan şəxs üçün yüksək etik davranış mədəniyyəti təkcə nəzakətli davranmaq deyil, bu – etik prinsiplərə xidmət etməkdir, xidmətdə və dövlət qulluğunda dürüstlükdür, vicdanlılıqdır, məsuliyyətdir, özünü mənfi təzahürlərdən qoruya bilməklə yanaşı, digər şəxslərin hüquqlarına hörmət edə bilməkdir, yəni ədalətli davrana bilməkdir. Bu kriteriyalara cavab verən şəxs pozuntuları etik hesab etməyəcəkdir və beləliklə, pozuntu təzahürünün yaranmasının qarşısı ilk andaca alınacaqdır.
Etik davranış qaydalarının pozulması nəyə ziyan vurur?- Sosial ədalətə ciddi təhlükə yaradır, inkişafı ləngidir, vətəndaş məmnunluğuna mane olmaqla hüquq mühafizə orqanlarına olan etimadı zədələyir, bu zaman yeni təşəbbüslərin irəli sürülməsinə, həyata keçirilməsinə insanlarda inam qalmır və nəzərə alsaq ki, insan məfhumu müxtəlifdir, etik dəyərlər hər kəsə eyni dərəcədə sirayət edə bilmir, sadalanan mənfi təzahürlərin qarşısının alınması üçün etik davranış qaydalarının normativləşdirilməsi əhəmiyyət kəsb edir.

Etik davranış məsələləri beynəlxalq normativ hüquqi aktların kontekstində - bu istiqamətdə 1999-ci il tarixli Beynəlxalq Prokurorlar Assosiasiyasının Prokurorlar üçün müəyyən etdiyi Peşə Məsuliyyəti, Əsas Hüquq və Vəzifə Standartları, 2001-ci il tarixli Hakimlərin Davranışı Üzrə Banqalor Prinsipləri, 2005-ci il tarixli Prokurorluq İşçilərinin Etik Davranış Qaydaları Üzrə Avropa Rəhbər Göstərişləri (Budapeşt Prinsipləri) üzrə müqayisəli təhlil aparılmışdır.
Etik davranış məsələləri üzrə müxtəlif xarici ölkələrin qanunvericilik və təcrübələrindən nümunələr - bu istiqamətdə Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Almaniyada, İtaliyada, İspaniyada, Belçikada, Türkiyədə, Rusiyada, Qazaxıstanda prokurorluq işçilərinin etik davranış qaydalarını tənzimləyən qanunvericilik aktları və praktik nümunələr üzrə  müqayisəli təhlil aparılmışdır.
Xarici ölkələrin təcrübəsində mövcud olan Etik Komissiyalar həmçinin müəyyən edilmişdir ki, müxtəlif ölkələrdə hüquq mühafizə orqanları əməkdaşlarının davranışlarını tənzimləyən Etik Davranış Komissiyaları mövcuddur. Bu ölkələrdən biri Yaponiyadırki, həmin ölkədəİctimai Etikaya dair Milli Komissiya yaradılmışdır. Bu Komissiya hüquq mühafizə orqanları əməkdaşlarının və digər dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsinə nəzarət edir. Böyük Britaniyadaisə polis şikayətlərinə dair Komissiya yaradılmışdır. Komissiya polis işçilərinin davranışına nəzarət edir və etik standartlarının polis orqanlarında möhkəmləndirilməsinə dair tədbirlər görür.
Etik davranış məsələləri milli qanunvericiliyin kontekstində - Təhlil zamanı etik davranışın tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikasında həyata keçirilən tədbirlərə, sosial şəbəkələrdən istifadə zamanı davranış qaydalarının milli qanunvericiliklə tənzimlənməsi üzrə nümunələrə, etik davranış məsələləri ilə bağlı prokurorluq orqanlarında həyata keçirilən yeni xüsusiyyətlərə, prokurorluq işçilərinin yeni Etik Davranış Kodeksinə və Kodeksdə nəzərdə tutulmuş yeni normalara (loyallıq prinsipi və onu ehtiva edən əlamətlər, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, zorakılıq və qısnama təzahürlərinin yolverilməzliyi, vətəndaşlarla və media ilə münasibətlərin xüsusiyyətləri ilə bağlı, həmçinin dini, ailə, məişət, maliyyə, sosial mediada davranış qaydaları ilə bağlı normalar), Kodeksin öyrənilməsi istiqamətində treninqlərin keçirilməsi ilə bağlı məlumatlara diqqət ayrılmışdır.            
Beynəlxalq və milli təcrübənin müqayisəli təhlili – sonda beynəlxalq və milli təcrübənin müqayisəli təhlili aparılmış və müəyyən edilmişdir ki, xarici ölkələrin təcrübəsi də nəzərə alınmaqla prokurorluq orqanlarında etik davranış məsələləri ilə bağlı iş dinamik rakursda inkişaf edərək qanunvericilik təkmilləşdirilmiş, xarici ölkələrin təcrübəsinə uyğun olaraq sosial media ilə bağlı davranış qaydaları bu qanunvericilikdə fərqləndirilmiş, həmçinin xarici ölkələrin təcrübəsində də mövcud olan mexanizm - Etik Davranış Komissiyası yaradılmış,  etik davranışın tənzimlənməsi ilə bağlı profilaktik tədbirlər çərçivəsində təlimlər və treninqlər keçirilmişdir.