TƏDQİQATLAR

Üzərində zorakılıq əlamətləri olmayan naməlum insan meyitlərinin aşkar edilməsi faktları ilə bağlı ilkin yoxlama və ibtidai araşdırma aparılması təcrübəsinin təhlili – 2022

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin 2022-ci ilin ikinci yarımilinə dair İş planının 2-ci bəndinə əsasən, üzərində zorakılıq əlamətləri olmayan naməlum insan meyitlərinin aşkar edilməsi faktları ilə bağlı ilkin yoxlama və ibtidai araşdırma aparılması təcrübəsinin təhlili aparılmışdır.
Bununla bağlı ilk növbədə 2021-ci il ərzində üzərində zorakılıq əlamətləri olmayan naməlum insan meyitlərinin aşkar edilməsi faktları üzrə rayon (şəhər) prokurorluqlarının icraatlarında istintaq edilmiş cinayət işləri və araşdırılmış yoxlama materialları tələb olunaraq, onlarda olan xüsusatlar təhlil edilmişdir.
Təhlilin yekunu üzrə arayışda üzərində zorakılıq əlamətləri olmayan naməlum insan meyitlərinin aşkar edilməsi faktları üzrə araşdırma prosesinə aid ümumi məsələlər, araşdırmanın planlaşdırılması,
taktikası və xüsusiyyətləri, irəli sürülən istintaq fərziyyələri, araşdırma zamanı müəyyən edilməli hallar, bunun üçün icra edilməli prosessual hərəkətlər öz əksini tapmışdır.  O cümlədən, hadisə yerinə və meyitə baxışın aparılması, baxış zamanı kriminalistikanın müasir üsullarından istifadə etməklə maddi sübutların götürülməsi və qablaşdırılması, təyin edilməsi zəruri olan ekspertizaların növləri, ekspertlər qarşısında qoyulmalı sualların siyahısı, ölkədə fəaliyyət göstərən mərkəzləşdirilmiş informasiya bazalarından məlumatların götürülməsi üçün müvafiq qurumlara göndərilən sorğular və əməliyyat tapşırıqları, naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün kompüter metodları və müasir informasiya texnologiyalarından istifadə və digər məsələlərlə bağlı geniş və ətraflı məlumatlar verilmişdir. Bunlardan əlavə yekun nəticə olaraq bu sahədə mövcud problemlərin aradan qaldırılmasına yönələcək təkliflər də irəli sürülmüşdür.
Təhlilin aparılmasında müxtəlif elmi ədəbiyyatlardan və çoxsaylı materiallardan istifadə edilmişdir. Həmçinin, təhlilin yekunu üzrə arayışda məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilmiş, mətninə uyğun şəkil, illüstrasiya və qrafiklərlə zənginləşdirilmişdir.