“Qabaqcıl beynəlxalq təcrübəyə və milli qanunvericiliyin tələblərinə uyğun olaraq ittiham nitqinin hazırlanması metodikası” adlı təqdimat

17.03.2021-ci il tarixdə internet üzərindən Zoom proqramı vasitəsilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən dövlət ittihamçıları üçün video-konfrans formatında “Qabaqcıl beynəlxalq təcrübəyə və milli qanunvericiliyin tələblərinə uyğun olaraq ittiham nitqinin hazırlanması metodikası” adlı təqdimat keçirilmişdir.
Tədbirin icrası ilə əlaqədar müvafiq təhlil materiallarından istifadə edilməklə, PowerPoint proqramlı təqdimatla müşayiət olunan çıxışlar hazırlanmış, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarə ilə birlikdə təqdimatın keçirilmə formatı, tarixi və vaxtı, eləcə də təqdimatda iştirak edəcək dövlət ittihamçılarının dairəsi müəyyən edilmiş, tədbirin keçirilməsi üçün texniki hazırlıq işləri görülmüşdür.
Təqdimatda dinləyici qismində Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin müxtəlif şöbələrinin 11 nəfər işçisi cəlb olunmuşdur. Təqdimatla çıxış edən Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin işçiləri tərəfindən xarici ölkələrin hüquq elminin tanınmış simalarının tədqiqatlarına istinad edilmiş, Avropanın qabaqcıl dövlətlərinin təcrübəsi diqqətə çatdırılmış, bu bilik və məlumatların dövlət ittihamçıları tərəfindən təcrübədə daha səmərəli istifadə edilməsi üçün ittiham nitqinin hazırlanma metodikası milli qanunvericiliyinin tələbləri ilə bir kontekstdə açıqlanmışdır.