Baş Prokurorluğun Elm-Tədris Mərkəzində türkiyəli ekspertlərin iştirakı ilə təlimlər keçirilib

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin birgə layihəsi çərçivəsində türkiyəli ekspertlərin iştirakı ilə 17-18 aprel 2024-cü il tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq işçiləri üçün “Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlimlər keçirilmişdir.
Mərkəzin şöbə rəisi Nigar Qələndərli və Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva tədbirdə açılış nitqi ilə çıxış edərək, ixtisaslaşmış uşaq məhkəmələri, uşaq polisi və uşaq prokurorlarının təsis edilməsi və uşaqların tələbatına uyğun xidmətlərin yaradılması istiqamətində Türkiyə Respublikasının müsbət təcrübəsinin öyrənilməsi əhəmiyyətindən danışıblar.
Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin hüquq müşavirləri Mücahit Gülşen və Cem Kurt tərəfindən keçirilən təlimlər Türkiyədə cinayət təqibi üzrə yetkinlik yaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri, cinayətlərin araşdırılması zamanı zərərçəkmiş və ya şahid olan uşaqların hüquqlarının müdafiə (dəstək) təminatı, prokurorluq orqanlarının uşaq hüquqlarının müdafiəsi üzrə qurumlarla əməkdaşlıq üsulları, “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı təcrübəni və sair mövzuları əhatə etmişdir.
Təlimlərə dinləyici qismində Azərbaycan Prokurorluğunun 80 işçisi, eləcə də canlı bağlantı vasitəsilə Türkiyə Prokurorluğunun əməkdaşları cəlb olunmuşlar.