Həkim səhvləri ilə bağlı məlumatların daha peşəkarcasına araşdırılması tədrisin məqsədi olub

Baş prokurorun müvafiq Sərəncamına uyğun olaraq Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 2024-cü ilin aprel ayının 4 və 5 tarixlərində “Həkim səhvləri ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi” mövzusunda distant formatda onlayn rejimdə kurs təşkil edilib.
Prokurorluq orqanlarının 78 böyük müstəntiqi və müstəntiqi dinləyici qismində cəlb edilmiş kursda mühazirə və praktiki məşğələlər məhz həkim səhvləri ilə bağlı təhlil aparmış Mərkəzin əməkdaşları tədris edib.
Belə ki, kurs çərçivəsində Mərkəzin əməkdaşları Talıb Cəfərov, Nigar Qələndərli, Nigar Əskərova, Ruslan Ağayev və Məhərrəm Əzizbəyov tərəfindən “Əhalinin sağlamlığının qorunması sahəsində nailiyyətlər və milli qanunvericilik”, “Beynəlxalq müstəvidə əhalinin sağlamlığının qorunması”, “Tibbi yardım sahəsində xarici ölkələrin cinayət qanunvericiliyi”, “Həkim səhvləri ilə bağlı cinayət qanunvericiliyi və bu sahədə məlumatların araşdırılması vəziyyəti”, “Həkim səhvləri ilə bağlı rezonanslı məlumatlar və risk göstəriciləri üstün olan tibb müəssisələri” adlı mövzular üzrə tədris aparılıb, dinləyicilərə həkim səhvləri ilə bağlı məlumatların araşdırılmasına, keçirilən ekspertizalara və əməllərin tövsifinə dair metodiki tövsiyələr verilib.
Eyni zamanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar tədbirdə ətraf mühitin mühafizəsinin hüquqi əsaslarını ehtiva edən mühazirə dinlənilib.
Bu səbəbdən kurs zamanı dinləyicilər tədris olunan materiallara maraq göstəriblər, təlimçilərlə ünsiyyətdə aktiv olublar və təcrübədə rast edilən hüquqi problemlər müzakirə obyekti olub.