Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumların əməkdaşları Elm-Tədris Mərkəzində təşkil edilmiş təlimdə iştirak ediblər

2024-cü ilin fevral ayının 20-dən 22-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərlinin və şöbə prokuroru Çingiz Əli-zadənin təşkilatçılığı ilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən daxili işlər, gömrük, sərhəd orqanlarının və digər qurumların əməkdaşları üçün “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri və aktual problemləri” mövzusunda təlim keçirilib.
Tədris tədbirinə təlimçi qismində Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin müvafiq sahədə nəzəri və praktiki biliklərə malik təcrübəli işçiləri cəlb edilib.
Mühazirə, təqdimat və təcrübə mübadiləsi formatında keçirilmiş təlim zamanı əməliyyat-axtarış fəaliyyətini həyata keçirən 42 əməkdaşa həmin fəaliyyətin ümumi məsələləri ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərinin taktiki xüsusiyyətləri, istifadə edilən müasir informasiya texnologiyaları və kriminalistik vasitələr, əməliyyat-axtarış tədbirlərinin gedişatında yol verilən nöqsanlar və onların sübut etməyə  təsiri, əməliyyat-axtarış fəaliyyətinə prokuror və məhkəmə nəzarəti, eləcə də digər praktiki əhəmiyyət kəsb edən aktual mövzular tədris edilib, onları maraqlandırılan suallar ətraflı cavablandırılıb.
Tədbir çərçivəsində Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov tərəfindən məlumat verilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları dinləyicilərin xüsusi marağına səbəb olmuşdur.